“Araz" tarixinin 16-cı əsas yarışında
Futzal klublarının Avropa Çempionlar liqasının ilkin mərhələsinin "D" qrupunun oyunlarını Latviyanın Salaspils şəhərində keçirən "Araz" son matçda yerli "Raba"ya 8:4 hesabı ilə (qollar - Maneka, 0: 24, 32:20, Felipinyu, 18:16, Bağırov, 22:30, 32:40, Atayev, 23:33, Çovdarov, 26:00-pen., 29:37) qalib gəlib.

Lakin Finlandiya "Kampuksen Dinamo"su Cəbəllütariq "Europa"sına daha böyük hesabla (14:3) qalib gəldiyindən eyni xallı komandalar arasından məhz o, qalib kimi növbəti mərhələyə birinci vəsiqəni əldə edib. Lakin "Araz" da bu mərhələdə ən yaxşı nəticə göstərən ikinci yer sahiblərindən biri kimi növbəti mərhələyə adlayıb.

Beləliklə, "Araz" tarixində 16-cı dəfə əsas mərhələyə vəsiqə alaraq, bu hüquqa nail olanlar arasında yalnız Almatı "Kayrat"ından (18 dəfə) geri qalır.

Ümumiyyətlə, bu mərhələ Azərbaycan futzalı üçün əlamətdar olub. Rizvan Fərzəliyev hər 3 oyunda meydançaya çıxaraq, 69 oyunda qitə səviyyəli futzal matçına çıxmış Lüsiunun ("Əkşn-21" Şarlerua, "İberia Star" Tbilisi, "FT Şarlerua") rekorduna şərik çıxıb. Rizvan növbəti oyuna çıxacağı təqdirdə turnirin ən çox oyun keçirən oyunçusu olacaq. Yeri gəlmişkən, bu siyahıda Vitali Borisov 57 oyunla 7-cidir.

"Araz" oktyabrın 26-dan 31-dək Ukraynanın İvano-Frankovsk şəhərində mübarizəyə qoşulacaq. Burada onun rəqibləri arasında ev sahibi "Uraqan", həmçinin Rumıniya "Yunayted Qalati"si və Kosovo "Liçeni"si olacaq. Elit raunda yalnız qrup qalibləri çıxır. Mübarizə 8 qrupda keçiriləcək.

Xəbər 397 dəfə oxundu.