Bakı şəhərində “ABU Arena” idman kompleksinin açılış mərasimində Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin nitqi
- Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti hörmətli cənab Vitali Smirnov!
- Hörmətli xanımlar və cənablar!
- Əziz dostlar!
Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Bu gün mənə Beynəlxalq Olimpiya Komitəsinin ən yüksək ordeni təqdim edilibdir. Buna görə, mən istəyirəm ki, ilk növbədə, Beynəlxalq Olimpiya Komitəsinə, onun rəhbərliyinə - Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqa, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti cənab Vitali Smirnova öz dərin minnətdarlığımı və təşəkkürümü bildirim.
Eyni zamanda, bu gün Azərbaycanın idman həyatında çox mühüm, çox önəmli bir gündür. Bu gün Azərbaycanda yeni idman qurğusu, müasir idman kompleksi açılır və istismara verilir. Bu da məni çox sevindirir. Mən belə kompleksləri görəndə çox sevinirəm. Çox şadam ki, Azərbaycanda son illər ərzində idmanın inkişafı istiqamətində böyük işlər görülübdür. Bakıda və Azərbaycanın digər bölgələrində, müasir, gözəl, bütün dünya standartlarına cavab verən idman kompleksləri açılıbdır.
Çox şadam ki, artıq federasiyalar da komplekslərin yaradılması ilə məşğul olurlar və belə komplekslər açılır, istifadəyə verilir. Deyə bilərəm ki, bu göstəriciyə görə Azərbaycan, bəlkə də, dünyada ön sıralardadır. Son dörd il ərzində Azərbaycanda 10-dan artıq idman kompleksi açılıbdır. Bu gün də həndbol üçün nəzərdə tutulmuş kompleks öz qapılarını açır.
Azərbaycanda idman çox yüksək səviyyədədir, çox yüksək sürətlə inkişaf edir. İdmançılarımız müxtəlif yarışlarda - dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında yüksək nəticə göstərərək, vətənimizi ləyaqətlə təmsil edirlər. Eyni zamanda, Azərbaycanda da beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilibdir. Son illər ərzində Azərbaycanda dünya, Avropa çempionatları, dünya kuboku yarışları keçirilibdir. Bundan əlavə, Azərbaycanda olimpiya lisenziya turnirlərinin keçirilməsi nəzərdə tutulmuşdu. Artıq onlardan ikisi keçirilmiş, biri isə, boks üzrə turnir bu yaxınlarda keçiriləcəkdir. Bu, bir daha göstərir ki, beynəlxalq idman ictimaiyyətinin Azərbaycana münasibəti çox müsbətdir, çox yüksək səviyyədədir. Desəm ki, biz bu münasibəti qazanmışıq, səhv etmərəm. Ardıcıl, məqsədyönlü, fədakar işimizlə, idmançılarımızın qazandıqları uğurlarla Azərbaycan, demək olar ki, idman ölkəsinə çevrilibdir.
Amma, eyni zamanda, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi məni sevindirən bir məqam da var. Bu da idmanın kütləviliyidir. Bu, Azərbaycanda artıq çox geniş vüsət alıbdır. İdmanla məşğul olmaq istəyən uşaqlarımızın, yeniyetmələrimizin sayı günü-gündən artır. Bu o deməkdir ki, Azərbaycanda gözəl, fiziki cəhətdən sağlam yeni nəsil yetişir. İdmanla məşğul olan uşaqlar artıq xoşagəlməz hallara yol verməzlər. Onlar idman bölmələrində tərbiyə olunurlar. Fiziki cəhətdən də, mənəvi cəhətdən də güclənirlər. Bu, bizə, ölkəmizə imkan verəcək ki, Azərbaycanın gələcək nəsli də mənəvi və fiziki cəhətdən sağlam olsun.
Azərbaycan olimpiya oyunlarına hazırlaşır. Bir neçə aydan sonra Afinada Olimpiya oyunları keçiriləcəkdir. Deyə bilərəm ki, hazırlıq işləri uğurla davam edir. Hər şey plan üzrə gedir. Əgər yadınızdadırsa, Sidney Olimpiya oyunlarından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin ilk iclasında mən dedim ki, Afinaya cəmi 4 il qalır. Bu 4 il, görün, necə tez keçdi. Artıq Olimpiya oyunlarına üç ay vaxt qalır. Mən əminəm ki, Sidneydə qazandığımız uğurlar Afinada da təkrarlanacaqdır. Azərbaycan idmançıları doğma vətənimizi ləyaqətlə təmsil edəcəklər və vətənə qələbə ilə qayıdacaqlar.
Hörmətli Vitali Georgiyeviç, eşidirəm ki, bizim nazir sizə tərcümə edir. İstərdim, siz ilk mənbədən də eşidəsiniz. Ölkəmizə gəldiyinizə və bu gün bizimlə birlikdə olduğunuza, bu ordeni mənə təqdim etdiyinizə görə, habelə Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə tikilmiş bu gözəl idman kompleksinin açılışında iştirakınıza görə sizə çox təşəkkür edirəm. Siz Azərbaycanın - Azərbaycan idmanının və ümumən, Azərbaycanın böyük dostusunuz. Siz ölkəmizdə dəfələrlə olmusunuz və hər gəlişiniz bizi - dostlarınızı sevindirir, hamı sizi sevir. Mən Rusiya Federasiyasının Olimpiya Komitəsinə başçılıq etdiyiniz vaxtları xatırlayıram. Biz çox fəal əməkdaşlıq edirdik. İndi siz Beynəlxalq Olimpiya Komitəsinin əsas rəhbərlərindən birisiniz. Azərbaycanda idmanın, olimpizmin inkişafı işinə çox böyük töhfə verirsiniz. Biz sizin fəaliyyətinizi yüksək qiymətləndiririk. Mənim üçün ikiqat xoşdur ki, Beynəlxalq Olimpiya Komitəsinin bu yüksək mükafatını mənə məhz siz təqdim etdiniz. Bu gün bu salonda olan bütün dostlarınız adından sizə fəaliyyətinizdə uğurlar arzulamaq, Azərbaycana səmimi münasibətə görə təşəkkürümü bildirmək istəyirəm. Ümidvaram ki, Bakıda da, başqa yerlərdə də görüşlərimiz davam edəcəkdir.
Əziz dostlar!
Mən bu gözəl idman kompleksinin açılışı münasibətilə bir daha sizin hamınızı ürəkdən təbrik edirəm, hamınıza cansağlığı və səadət arzulayıram.
Sağ olun!

19 aprel 2004-cü il

Xəbər 4425 dəfə oxundu.