“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
Avqustun 5-də Yaponiya paytaxtının Milli Olimpiya stadionunda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Mərasim Paralimpiya Oyunlarının iştirakçılarının əyləşdiyi meydanda Yaponiyanın tanınmış estrada ulduzlarının təqdim etdiyi kompozisiya ilə başlayıb.

İştirakçılar Yaponiyanın vəliəhd-şahzadəsi Akişinonu, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsonsu, Baş nazir Yoşihide Suqanı alqışlarla qarşılayıblar.

Yaponiyanın dövlət bayrağı paralimpiyaçılar tərəfindən meydana gətirilib. Özünümüdafiə qüvvələrinin qoşun növlərinin nümayəndələri dövlət himninin müşayiəti ilə dövlət bayrağını qaldırıblar.

Oyunların iştirakçısı olmuş dövlətlərin bayraqları hər bir ölkənin mükafat almış bir idmançısı tərəfindən meydana gətirilib. Paralimpiya bayrağından sonra meydana üçüncü daxil olan Azərbaycanın Dövlət Bayrağını XVI Paralimpiya Oyunlarının rekordçu çempionu Lamiyə Vəliyeva aparıb.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (41 qızıl, 38 gümüş, 45 bürünc), üçüncü yerdə isə ABŞ qərarlaşıb (37 qızıl, 36 gümüş, 31 bürünc).

İştirakçı ölkələrin bayraqlarının paradı atəşfəşanlıqla başa çatıb.

Növbəti kompozisiyanın nümayişindən sonra “I am possible” proqramının istifadəçilərinə və könüllülərə mükafatlar təqdim olunub.

Tokionun qubernatoru Koike Yuriko və Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun iştirakı ilə BPK-nın bayrağı endirilib.

Xanım Koike Yuriko Paralimpiya bayrağını BPK-nın prezidenti Endrü Parsonsa, o isə 2024-cü ildə növbəti Paralimpiadaya ev sahibliyi edəcək Paris şəhərinin meri Ann İdalqoya təqdim edib. Fransanın dövlət himni səsləndirilib. Fransa ilə qurulan birbaşa bağlantıda Paris sakinlərinin, idmançıların Paralimpiya estafetini qarşılamağa hazır olduqları əksini tapıb.

Mərasimdə çıxış edən “Tokio-2020”nin təşkilat komitəsinin sədri xanım Seyko Haşimoto və BPK-nın prezidenti Endrü Parsons Paralimpiadanın yüksək dostluq şəraitində keçdiyini, koronavirus pandemiyasına baxmayaraq, Tokionun yeni tarix yazdığını və yarışların uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar.

BPK prezidenti Endrü Parsons “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarını bağlı elan edib.

Qeyd edək ki, Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanıb. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisədir.

Paralimpiya Oyunlarında 163 ölkədən 4400-dək idmançı iştirak edib. Azərbaycan da daxil olmaqla, onlardan yalnız 78 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Dörd idmançımız “Tokio-2020”də rekordlara imza atıb. Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizəatma növü üzrə 51,42 metr nəticə göstərərək dünya rekordunu yeniləyib. Elvin Astanov ( F53 - nüvəitələmə) növü üzrə 8,77 metr nəticə göstərərək yeni dünya rekordu müəyyənləşdirib. Üzgüçülük yarışında Vəli İsrafilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə, atletika idman növü üzrə isə Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55,00 saniyəlik göstərici ilə Paralimpiya rekorduna imza atıblar.

Qeyd edək ki, “Tokio-2020” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki Paralimpiya Oyunlarından seçilib. Belə ki, Yaponiya paytaxtında təşkil edilən Paralimpiada bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınıb. Təşkilatçıların birlikdə qəbul etdikləri qərara əsasən, əcnəbi tamaşaçıların yarışlara azarkeşlik etmək üçün Yaponiyaya gəlişi qadağan edilib. Yarışları izləmək üçün Yaponiyaya gələn rəsmi nümayəndə heyətlərinin tərkibi də kəskin azaldılıb.

Tokio da daxil olmaqla, Yaponiya prefekturalarının təxminən yarısında epidemioloji vəziyyətin ağır olması səbəbindən fövqəladə vəziyyət rejimi davam edir. Yaponiya paytaxtında və ətraf üç prefekturada təşkil edilən yarışlara yerli tamaşaçıların buraxılmasına icazə verilməyib. Yarışlar fövqəladə vəziyyət rejiminin davam etdiyi şəraitdə keçirilsə də, təşkilatçılar onların yüksək səviyyədə təşkilinə nail ola biliblər.

Xəbər 622 dəfə oxundu.