Namiq Əliyev: "Psixoloji durumu daha yaxşı olanlar da uğur qazandı”
“Doğurdan da, bu, böyük uğurdur. Pekin Olimpiadasında cəmi 4 medalımız var idi, amma Londonda 7 medal oldu”. Bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib.

Qurum rəsmisi güləşçilərimizin London Olimpiadasında çıxışına münasibət bildirib. Əliyev 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yığmamızın iştirakını uğurlu saysa da, bəzi idmançılarımızın ümidləri doğrultmamağına təəssüfünü də gizlətməyib: “Bəli, çox təəssüflər olsun ki, bəzi idmançılarımız vardı və onlar da öz bacarığını nümayiş etdirə bilmədilər. Müəyyən səbəblərə görə nəticə olmadı. Amma hesab edirəm ki, çox uğurlu nəticədir. Sadəcə, bir neçə medalın keyfiyyəti gərək yuxarı olaydı. İnşallah, Rio-de-Janeyroda daha da yaxşı olar”.

Əliyev Londona yollanarkən güləşçilərimizin hazırlıq səviyyəsi yüksək olduğu üçün onların qarşısına konkret hədəf qoyulmadığını deyib: “Yəni konkret bir hədəf qoyulmamışdı. Çünki idmançıların hazırlıq səviyyəsi çox yüksək idi. Sadəcə, Olimpiya Oyunları olduğu üçün burada sırf atletin nəinki öz hazırlığı, həm psixoloji amil vacib idi. Gördüyünüz kimi, psixoloji durumu daha yaxşı olanlar da uğur qazandı”.

Qeyd edək ki, Londonda Azərbaycan idmançılarının qazandığı 10 medaldan 7-si güləşçilərimizin payına düşüb.

Xəbər 1106 dəfə oxundu.