Çingiz Hüseynzadə: "Azərbaycanın idman tarixində, Olimpiya tarixində ən böyük nəticəsidir"
“Bu, bizim üçün çox uğurlu nəticədir. Azərbaycanın idman tarixində, Olimpiya tarixində ən böyük nəticəsidir. Bu tək medalların sayı ilə deyil, hətta keyfiyyəti ilə də fərqlənir. 2 qızıl, 2 gümüş, 6 bürünc medalımız var. Komanda hesabında ilk “30-luq”dayıq. Bəli, bu Azərbaycanın böyük uğurudur”. Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, artıq başa çatan 4 ilin ən möhtəşəm yarışı – XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının çıxışını şərh edib. Hüseynzadə bildirib ki, Böyük Britaniya paytaxtında yığmamızın 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanması ölkəmizin qələbəsidir: “Hesab edirəm ki, idmançılarımız çox gözəl çıxış elədilər. Əvvəlcə uğursuzluqlar da oldu, bizim medal gözlədiklərimiz bunu qazana bilmədilər. Lakin medal gözləmədiklərimiz onların əvəzini çıxdılar, medallarını aldılar. Bizim 10 medal qazanmağımızın xüsusi əhəmiyyəti var. Çünki bu il Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyidir, bu il Azərbaycanda “İdman ili”dir, bu il bizim ən sevincli illərimizdəndir. İdmançılar MOK-un və Azərbaycanın prezidenti İlham Əliyevə, xalqımıza böyük bir hədiyyə etdilər. Əlbəttə ki, Azərbaycana qayıtdıqdan sonra bütün bunlar təhlil olunacaq, nəticələr çıxarılacaq. Amma bir şeyə 100 faiz əminik ki, biz qalibik”.

Xəbər 975 dəfə oxundu.