Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib
Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.

Türkiyə və Niderland milli komandalarından sonra da iki yığma yarımfinala yüksəlib. İtaliya voleybolçuları rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıblar. İlk setdə 25:20 hesabı ilə üstün olan Appenin təmsilçiləri ikinci hissədə rəqiblərinə aman verməyiblər. İtaliya millisi bu seti 17 xal fərqi ilə xeyrinə başa vurub. Sonuncu hissədə də təşəbbüsü əldən verməyən italiyalılar 25:15 hesabı ilə qalib gəliblər.

Mərhələnin digər oyununda Serbiya və Fransa seçmələri üz-üzə gəliblər. Qrup mərhələsində Azərbaycan millisinin rəqibləri olmuş bu komandaların dueli Serbiya yığmasının qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ilk setini Serbiya millisi 22:25 hesabı ilə uduzsa da, dönüş yarada bilib. Ardıcıl 3 setdə 25:18, 25:7 və 25:20 hesabı ilə qələbə qazanan Serbiya voleybolçuları yarımfinala çıxıblar.

Yarımfinalda Serbiya yığması Türkiyə kollektivi ilə qarşılaşacaq. Digər matçı İtaliya və Niderland seçmələri arasında olacaq. Avropa çempionatın qalibi sentyabrın 4-də müəyyənləşəcək.

Xəbər 335 dəfə oxundu.