“Tokio-2020”: Güllə atıcımız Yelena Taranova növbəti dəfə mübarizəni medalsız başa vurub
Milli Paralimpiya komandamızın üzvü Yelena Taranova “Tokio-2020”də mübarizəni dayandırıb.

25 metr məsafəyə güllə atıcılığı yarışının təsnifat mərhələsində 516 xal toplayan Y.Taranova 29-cu olub və həlledici mərhələyə yüksələ bilməyib.

Avqustun 31-də idmançımız 10 metr məsafəyə güllə atıcılığı yarışında da gücünü sınayıb, ancaq finala yüksələ bilməmişdi.

Qeyd edək ki, Y.Taranova 50 metr məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər 740 dəfə oxundu.