London Olimpiadası bir sıra rekordlarla tarixə düşdü
Artıq başa çatan London Olimpiadası bir sıra rekordlarla tarixə düşdü. Bunlar arasında Azərbaycanın rekordunun bizim üçün daha önəmli olmağı şübhə doğurmur.

Belə ki, müstəqillikdən sonra 5-ci Olimpiadada iştirak edən ölkəmiz iştirakçılarla yanaşı, medal sayını da artırdı. Bu dəfə 53 idmançının yer aldığı Olimpiya yığmamız Vətənə 10 medalla qayıdır ki, bunlardan 2-si qızıl, 2-si gümüş, 6-sı bürüncdür. Buna qədər ən yaxşı göstərici 2008-ci ildə Pekin Olimpiadasında olmuşdu - 8 medal. Qızıl medalın sayında Sidneydəki rekordun təkrarlamağı da diqqət çəkir.

Təbii ki, Olimpiadada bizimlə bağlılığı olmayan rekordlar da qeydə alındı. Bundan söhbət açarkən əfsanəvi amerikalı üzgüçü Maykl Felpsı xüsusilə qeyd etməliyik. O, əvvəlcə Olimpiya medalının sayına görə sovet gimnastı Larisa Latıninanın rekordunu qırdı. Maykl həmin vaxt qazandığı qızıl və gümüş medalla turnirdəki mükafatlarının sayını 19-a çatdırdı. Ardından daha 3 medal qazanan Felps mütləq rekordçu oldu. O, Londonda 2-si komanda olmaqla, 4 qızıl və gümüş medal qazandı.

London Olimpiadası şahzadə II Yelizavetanın nəslinə də düşərli oldu. Belə ki, onun nəvəsi Zara Filips atçılıqda komanda yarışında gümüş medal qazandı. Bununla, 31 yaşlı şahzadə Britaniya kral ailəsinin ilk Olimpiya mükafatını qazanan üzvü kimi rekordçu oldu.

Dünyanın ən sürətli insanı olan Useyn Bolt Londonda da rekord vurdu. Onun lideri olduğu Yamayka yığması 4x100 metr qaçışda qızıl medalı dünya rekordunu müəyyənləşdirməklə əldə etdi. Belə ki, Bolt və onun komanda yoldaşları Nesta Karter, Maykl Freyter, Yohan Bleyk məsafəni 36,84 saniyəyə qaçdı. Bununla, onlar dünya rekordunu 0,20 saniyəyə yaxşılaşdırdılar.

Maraqlıdır ki, bundan əvvəl planetin ən yaxşı göstəricisi olan 37,04 saniyəni də həmin yamaykalı dördlük müəyyənləşdirərək, bunu ötən il dünya çempionatında reallaşdırmışdı. Bolt isə Londonda 3 qızıl medal qazanaraq, Olimpiya çempionluqlarının sayını 6-ya çatdırdı.
Kamandan oxatan İm Don Xyunun yer aldığı Cənubi Koreya yığması Olimpiadanın artıq açılış günündə 2 dünya rekordunu müəyyənləşdirdi. İmlə yığması bu ilin mayında imza atdıqları öz şəxsi göstəricilərini yaxşılaşdırdılar. Maraqlısı odur ki, Afina və Pekində də Olimpiya çempionu olan Xyun praktiki olaraq kor sayılır. Çünki onun sol gözü normal görmə qabiliyyətinin 10, sağ gözü 20 faizini təşkil edir. Özü də eynəksiz, yaxud kontakt linzasız çıxış edən oxatan hədəfdəki müxtəlif rənglərlə oriyentasiya olunur.
Olimpiya kəndində isə qida rekordu qeydə alınıb. Belə ki, restoranların menyusuna dünyanın 116 mətbəxini təmsil edən 787 yemək daxil olub. Bunların hazırlanmağında Britaniya ilə yanaşı, Fransa, Belçika, Ukrayna, Braziliya, Vyetnam, Yaponiya və CAR-dan olan aşpazlar çalışıb.

Londonda olimpiya çempionu ilə bağlı rekord mükafat postsovet məkanına məxsus olub. Söhbət Asiyanı təmsil edən Özbəkistandan gedir. Belə ki, özbəklər qızıl medal qazanan idmançısına 800 min dollar verəcəklər. Azərbaycan da mükafatın məbləğinə görə liderlər siyahısındadır.

Sonuncu Olimpiadada rekordlarla yanaşı, bir sıra kuryoz hadisələr də qeydə alındı. Belə ki, malayziyalı güllə atıcısı Nur Saryani Məhəmməd Taibi yarışda çıxış edərkən, hamiləliyinin 9-cu ayında idi. Sentyabrın 2-də ana olacaq idmançı uğursuzluğuna səbəb kimi dünyaya gətirəcəyini qızının bətnində təpik ataraq, onu diqqətindən yayındırmağını göstərdi.

Britaniyalı qalib atlet Bredli Uiqqinzin şahzadə tərəfindən verilən tuman oğurlandı. Bu, çempion Olimpiya kəndində saunada olarkən baş verdi. Oğurlanan əşya 1 sutkadan sonra internet-auksionda 12 min funt sterlinqə satıldı.

Nigerdən olan avarçəkən Hamadu Cibo İssakan isə təsəlli yarışında finişə sonuncu çatsa da, Olimpiadanın tarixinə düşən idmançı sayıldı. Belə ki, liderdən dəqiqə yarım gec gələn 35 yaşlı İssaka bu idman növü ilə cəmi 3 aydır məşğul olurmuş. Bunu nəzərə alan azarkeş Dorni gölündə çıxış edən avarçəkəni alqışlarda qarşıladılar.

Braziliyalı cüdoçu Felipe Kitadainin qazandığı bürünc medal isə qırıldı. O, mükafatı ilə ayrılmamağı qərara alaraq, onu özü ilə hamama gətirib. Bu zamanda duşda medalını dişi ilə sıxan idmançı onun yerə düşüb, sınmağının şahidi olub. Ancaq braziliyalının medalı dəyişdirildiyindən, elə də üzülmədi.

Xəbər 1030 dəfə oxundu.