“Tokio-2020”: Üzgüçümüz Dana Şandıbinanın startı uğursuz alınıb
Tokio Paralimpiadası davam edir.

Yarışın səkkizinci günündə - sentyabrın 1-də üzgüçümüz Dana Şandıbina mübarizəyə başlayıb. Ancaq idmançımızın startı uğursuz alınıb. Belə ki, 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində 1 dəqiqə 24 saniyəlik nəticə göstərən idmançımız beşinci olub və finala adlaya bilməyib.

Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 34 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 11-i qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 452 dəfə oxundu.