Yaponiyanın “paraphoto.org “saytı: “Azərbaycan qasırğası” Tokioda medal yağışı yaratdı
Yaponiyanın “paraphoto.org” saytı Azərbaycan paracüdo komandasının Tokio Paralimpiya Oyunlarında uğurla çıxışına həsr edilən məqalələr yayıb.

Saytın avqustun 28-də və 29-da yayımladığı iki məqalədə Tokionun məşhur “Nippon Budokan” idman mərkəzində ardıcıl üç gün keçirilən paracüdo yarışlarında Azərbaycan komandasının böyük müvəffəqiyyətlə çıxış etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, yarışların final mərhələsinə adlayan Azərbaycan idmançılarından heç biri birinci yer uğrunda mübarizəni uduzmayıb, böyük iradə və cəsarət nümayiş etdirərək rəqiblərinə qalib gəlib.

Qeyd edilib ki, yarışların birinci günündə tatamiyə çıxan 21 yaşlı Şahanə Hacıyeva (48 kq) Paralimpiya Oyunlarına ilk dəfə qatılmasına baxmayaraq, bütün rəqiblərini üstələyib.

Azərbaycan komandasının kişi idmançılarının da yarışlara böyük uğurla qatıldığı və möhtəşəm qələbələr qazandığı məqalədə xüsusi vurğulanıb. Qeyd edilib ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Şirinli yarımfinalda qızıl xalla rumın Aleks Bloqu məğlubiyyətə uğradaraq finala yüksəlib. Özünün də dediyi kimi, bütün rəqiblərin güclü və təcrübəli olmasına baxmayaraq, V.Şirinli finalda da rəqibinin öhdəsindən bacarıqla gəlib.

Həmin gün komandamıza daha bir medalı Namiq Abaslının (66 kq) qazandırdığı, onun üçüncü yeri tutaraq bürünc medala sahib olduğu məqalədə əksini tapıb.

Saytın avqustun 29-da yayımladığı məqalədə isə yarışların ikinci günündə idmançılarımızın qazandığı uğurlardan bəhs olunub. İlkin olaraq tatamiyə çıxan azərbaycanlı Sevda Vəliyevanın (57 kq) finalda özbəkistanlı rəqibi Pərvanə Səməndərovanı gərgin mübarizədə böyük ustalıq nümayiş etdirərək dörd dəqiqə ərzində məğlub etdiyi qeyd olunub. Yazıda onun bu qələbəni böyük sevinclə qarşılamasını əks etdirən fotolara geniş yer verilib.

Qeyd edilib ki, qadınlar arasında 63 kiloqram çəki dərəcəsində keçirilən yarışın qalibi də azərbaycanlı idmançı olub. Bu kateqoriyada qızıl medalı Xanım Hüseynova əldə edib. X.Hüseynovanın finalda rəqibinə qarşı işlətdiyi fəndin əksini tapdığı foto isə əsl peşəkar işi olması ilə diqqəti cəlb edir. Həmçinin idmançımızın komanda yoldaşlarının uğurlu çıxışı münasibətilə dediyi “Mən bununla fəxr edirəm” ifadəsinə yazıda xüsusi yer verilib. Onun Beynəlxalq Olimpiya Komitəsinin saytına verdiyi müsahibədən sitat da məqalədə yer alıb: “Mən həmişə qızıl medala doğru can atmağımla xoşbəxtəm. Yarışlara fasiləsiz olaraq hazırlaşırdım. Məhz buna görə də çempion adını qazana bildim”.

Məqalədə digər çempion Hüseyn Rəhimli haqda məlumat və onun keçirdiyi görüşlərin fotoları da yer alıb. Paralimpiadada 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızın qızıl xalla qazandığı qələbənin Azərbaycan komandasında böyük ruh yüksəkliyi yaratdığı qeyd olunub. Bildirilib ki, bununla Azərbaycan komandasının böyük iddialarla yarışlara qatıldığı bir daha təsdiqini tapdı.

Yazıda qeyd edilib ki, Azərbaycan komandasının Tokioda yaratdığı “qasırğa”nın avqustun 29-da da davam etməsi, həmin gün bir qızıl və bir bürünc medal əldə edərək yarışları komanda hesabında birinci yerdə tamamlaması, bütün cüdosevərlər tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRTAC

Xəbər 443 dəfə oxundu.