“Tokio-2020”: Paracüdoçularımızın bir qrupu Vətənə qayıdıb
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən paracüdoçularımızın bir qrupu avqustun 30-da Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və paralimpiyaçıların yaxınları iştirak ediblər.

Qızıl medal qazanan paracüdoçular Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də yeddinci olan Bəsti Səfərova (52 kq) Vətənə qayıdıblar.

Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi, 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 435 dəfə oxundu.