Gənc müəllimlər arasında keçirilən futzal yarışı yekunlaşıb
“Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimi “Mars Overseas Baku LTD” MMM-in (“Pepsi Azerbaijan”) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb.

“Birlik” (Saatlı) və “Pepsi” (Bakı) komandaları arasında keçirilən yarış “Birlik” komandasının 7 - 2 qələbəsi ilə yekunlaşıb.

Bağlanış mərasimində layihənin rəhbəri Hüseyn Hüseynov çıxış edib. Bildirib ki, layihə çərçivəsində ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərdən ibarət 16 komandanın 140 üzvü iştirak edib.

Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, “Mars Overseas Baku LTD” MMM-dən Cavid Dadaşov öz təəssüratlarını bölüşüblər.

Layihədə iştirak edən komandalara müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələr təqdim olunub.

Xəbər 331 dəfə oxundu.