Bakıda fudokan üzrə beynəlxalq seminarın açılış mərasimi keçirilib
Avqustun 27-də Bakı İdman Sarayında fudokan üzrə beynəlxalq seminarın açılış mərasimi olub.

Mərasimdə çıxış edən Dünya Fudokan Federasiyasının prezidenti, 10-cu dan qara kəmər sahibi İlya Yorqa 25 il bundan əvvəl Bakıda olduğunu, o vaxtdan paytaxtımızın tanınmaz dərəcədə dəyişdiyini, inkişaf etdiyini bildirib. O, qeyd edib ki, Serbiya ilə Azərbaycanı möhkəm dostluq əlaqələri birləşdirir. İ.Yorqa idman ölkəsi olan Azərbaycandan gələcəkdə güclü fudokançıların yetişəcəyinə əminliyini bildirib.

Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda idmanın inkişafından söhbət açıb, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini deyib. O, gələcəkdə fudokan idman növünün də ölkəmizdə yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi təmsilçisi, eləcə də səlahiyyətli nümayəndəsi, Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə fudokan üzrə növbəti dünya çempionatının Azərbaycanda təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb.

Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli və digərləri çıxış edərək fudokan üzrə beynəlxalq seminarın əhəmiyyətindən bəhs ediblər, bu idman növünün inkişaf perspektivlərindən danışıblar.

Daha sonra idmanın inkişafında əməyi olan bir qrup şəxs mükafatlandırılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki beynəlxalq seminarın təşkilində əsas məqsəd fudokanın Azərbaycanda inkişaf etdirilməsi, bu idman növü üzrə Avropa, dünya çempionatlarında mübarizə aparacaq potensiallı idmançılar yetişdirməkdir.

Xəbər 395 dəfə oxundu.