Dünya kuboku: Şahmatçımız Xəzər Babazadə dörddəbir finala vəsiqə qazanıb
Azərbaycanlı şahmatçıların da iştirak etdiyi yeniyetmələr arasında onlayn dünya kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunları keçirilib.

10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında təşkil olunan turnirin səkkizdəbir final mərhələsində ölkəmizi müxtəlif yaş qruplarında altı şahmatçı təmsil edib.

Təmsilçilərimizdə yalnız Xəzər Babazadə növbəti mərhələyə vəsiqəni təmin edib. Belə ki, hindistanlı rəqibi Aditya Samantı 2:0 hesabı ilə məğlub edən X.Babazadə dörddəbir finala adlayıb.

Digər şahmatçılarımıza gəlincə, 18 yaşadək qızların yarışında Gövhər Beydullayeva vyetnamlı Pham Tranla heç-heçə etdiyi üçün bu gün keçiriləcək tay-brekdə mübarizə aparacaq.

Təmsilçilərimiz Xəqan Əhməd, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva, Cahandar Azadəliyev məğlub olaraq yarışda mübarizəni dayandırıblar.

Qeyd edək ki, rapid üzrə onlayn dünya kuboku yarışlarının final mərhələsi avqustun 31-dək davam edəcək.

Xəbər 350 dəfə oxundu.