Paracüdoçumuz Vüqar Şirinli Tokio Paralimpiadasında Azərbaycana üçüncü qızıl medalı qazandırıb
Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020" Yay Paralimpiya Oyunlarının qalibi olub.

60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Növbəti görüşündə rumıniyalı Aleks Boloqanı tatamidən məyus yola salan V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək Tokio Paralimpiadasının qalibi olub.

Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) və Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Xəbər 371 dəfə oxundu.