“Grand Chess Tour” seriyasının qalibi məlum olub
ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının beşinci mərhələsi olan Sinkfild kuboku turniri hələ tam başa çatmasa da, artıq "Grand Chess Tour" seriyasının ümumi qalibinin adı məlumdur.

Mərhələ yarışının son turunun nəticələrindən asılı olmayaraq amerikalı şahmatçı Uesli So "Grand Chess Tour" seriyasının qalibi olub. Seriyanın beşinci mərhələsində artıq dördüncü yerdən aşağı düşməyəcəyi dəqiqləşən U.So, vaxtından əvvəl seriyanın ümumi hesabında özünə birinci pilləni təmin edib.

Qeyd edək ki, amerikalı şahmatçı "Romania Superbet Classic" və "Saint Louis Rapid and Blitz" turnirlərində üçüncü yeri tutub, Paris mərhələsinin isə qalibi olub. Məhz bu nəticə U.Soya ümumi hesabda birinci olmağa kömək edib. Artıq seriyada ikinci yeri özünə təmin edən şahmatçının da adı məlumdur. Belə ki, beşinci mərhələnin hazırkı lideri fransalı Maksim Vaşye-Laqrav "Grand Chess Tour" seriyasında ikinci yerə sahib olub. Üçüncü yer uğrunda mübarizə isə Şəhriyar Məmmədyarovla ameriakalı Fabiano Karuana arasında gedəcək. Sinkfild kuboku turnirinin bu gün keçiriləcək son turundan sonra kimin üçüncü yeri tutacağı bəlli olacaq.

Xəbər 329 dəfə oxundu.