Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin “İdman” qəzetinin əməkdaşına müsahibəsi
- İlk öncə Milli Olimpiya Komitəsinə yenidən tam yekdilliklə prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirik.

- Çox sağ olun. Hesab edirəm ki, bu gün həqiqətən Azərbaycan idman tarixində çox əlamətdar bir gündür. Baş Assambleya gələn dörd il üçün yeni tərkibdə icraiyyə komitəsini və rəhbər orqanlarını seçdi.

- Ötən dörd il həyatınızın idmanla bağlı hissəsində hansı izləri buraxdı?

- Mənim üçün çox böyük rol oynadı. Bunu bir neçə sözlə ifadə etmək mümkün deyil. Mən çox şadam ki, ötən 4 il ərzindəki fəaliyyətimiz Azərbaycana böyük uğurlar gətirib.

- Bundan sonrakı dövrdə başqa hansı yenilikləri həyata keçirmək fikrindəsiniz?

- Gərək işimizi daha da təkmilləşdirək. Proqram hazırlamışıq. Artıq konsepsiyanı təsdiq etmişik. Bu konsepsiya üzrə hərəkət edir, işimizi plana əsasən aparırıq. Yeni nəyəsə nail olmaq üçün işimizi davam etdirməliyik. Yeni nəsil yetişdirməli, onlar üçün şərait yaratmalıyıq ki, gənc idmançılarımız da beynəlxalq arenaya uğurla çıxsın və qələbələr qazansın. İstərdim ki, Afinada Azərbaycan daha geniş tərkiblə təmsil olunsun və əlbəttə ki, medalların sayı da çox olsun.

- Bunun üçün hansı işləri daha vacib hesab edirsiniz?

- Əlbəttə ki, MOK-un əsas vəzifəsi Olimpiya komandamızı Olimpiadaya hazırlamaq, onların lisenziya qazanmasına kömək etmək, şərait yaratmaq, beynəlxalq yarışlarda iştiraklarını təmin etməkdən ibarətdir. Amma hesab edirəm ki, bununla yanaşı ölkədə idmanın kütləviləşməsini də təmin etməliyik. Elə etməliyik ki, idman bölmələrində məşq edən gənclərin sayı çoxalsın. Bunun üçün ilk növbədə şərait olmalıdır. Bu sahədə artıq işimizi görürük. Bakıda müasir səviyyəli idman kompleksi tikilib. Bu tipli idman obyektləri Naxçıvan, Gəncə şəhərlərində də tikilməkdədir. Bunu edirik ki, gənclər öz fiziki sağlamlıqları ilə məşğul olsun, əyri yollardan çəkinsinlər. Gələcəyin dünya və olimpiya çempionları da onların arasından çıxacaq.

- Sidneydən fərqli olaraq, Afinada əlavə hansı idman növlərində təmsil olunmağımızı istərdiniz?

- Əsasən komanda idman növlərimizdə. Hesab edirəm ki, voleybolda belə bir imkan var. Ola bilsin başqa idman növlərində qılıncoynatma. Əgər karate olimpiya proqramına daxil olarsa, karateçilərimizin də imkanları böyükdür. Taekvondoda da imkanımız var və bu imkanları genişləndirəcəyik.

24 mart 2001-ci il
“İdman” qəzeti

Xəbər 2932 dəfə oxundu.