Çimərlik futbolu üzrə dünya çempionatının dörddəbir final mərhələsinin iştirakçıları müəyyənləşib
Moskvada keçirilən çimərlik futbolu üzrə 11-ci dünya çempionatının qrup mərhələsinə yekun vurulub və dörddəbir finalın iştirakçıları müəyyənləşib.

Mundialda 16 komanda 4 qrupda mübarizə aparıb. Rusiya, ABŞ, Paraqvay və Yaponiya A, Mozambik, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tahiti seçmələri B qrupunda yer alıblar. C qrupunda Belarus, Salvador, İsveçrə, Braziliya, D qrupunda isə Portuqaliya, Oman, Seneqal və Uruqvay yığmaları qarşılaşıblar.

Qruplarda ilk iki yeri tutan komandalar mübarizəni dörddəbir finalda davam etdirmək hüququ qazanıblar. Belə ki, A qrupundan Rusiya və Yaponiya, B qrupundan Tahiti və İspaniya yığmaları dörddəbir finala yüksəliblər. C qrupundan İsveçrə və Braziliya, D qrupundan isə Seneqal və Uruqvay mübarizəni dörddəbir finalda davam etdirəcəklər.

Çempionatın dörddəbir final mərhələsinin görüşləri avqustun 26-da oynanılacaq. Mərhələyə Seneqal-Braziliya oyunu ilə start veriləcək. Bu mərhələdə, həmçinin İsveçrə - Uruqvay, Tahiti – Yaponiya və Rusiya – İspaniya görüşləri oynanılacaq.

Mundialın yarımfinal qarşılaşmaları avqustun 28-də, üçüncü yer uğrunda görüş və final matçı isə bir gün sonra oynanılacaq.

Çimərlik futbolu üzrə dünya çempionatı ilk dəfə 1995-ci ildə keçirilib və 2005-ci ilə qədər hər il təşkil olunub. 2005-ci ildən etibarən dünya çempionatını FIFA təşkil etməyə başlayıb. Həmin vaxtdan mundial iki ildən bir keçirilir. FIFA-nın təşkilatçılığı ilə indiyədək keçirilən 10 dünya çempionatında Braziliya millisi 5 dəfə kuboka sahib olub. Portuqaliya və Rusiya milliləri 2, Fransa isə 1 dəfə çempion adını qazanıb.

İki il əvvəl keçirilmiş sonuncu mundialın finalında Portuqaliya İtaliyanı 6:4 hesabı ilə məğlub edərək ikinci dəfə çempion olub. Üçüncü yer uğrunda oyunda isə Rusiya yığması Yaponiyaya qalib gəlib – 5:4.

Xəbər 348 dəfə oxundu.