“Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
Fransa karate ilə vidalaşıb breyk-dansı salamlayır

İlk yarışının startına cəmi 3 il qalmış növbəti - 33-cü Yay Olimpiya Oyunlarının - "Paris-2024"ün təşkilat komitəsi yarış proqramı və bir sıra təsnifat mərhələləri ilə bağlı qərarlarını açıqlayıb və Beynəlxalq Olimpiya Komitəsinin dəstəyini alıb.

İlk öncə onu demək lazımdır ki, açılışına 1050 gündən bir az artıq vaxt qalmış Oyunlarda (26 iyul-11 avqust 2024-cü il) gender bərabərliyi ilə bağlı növbəti optimallaşma baş verəcək.

Bu, idmançıların sayının "Tokio-2020" ilə müqayisədə azaldılaraq qadınların sayının qorunmasına doğru atılan addımlarla baş verəcək.

İştirakçı sayının azaldılması təsnifatlardan keçən seçimlərin daha da sərtləşdirilməsinə gətirib çıxaracaq.

Parisdə 10500-ə yaxın idmançı olacaq, bu isə bütün ölkələr üçün ümumi kvotanın 1000 idmançıya qədər azalması deməkdir. Növlərin sayı 32-yə salınıb və 329 dəst medal uğrunda mübarizə aparılacaq. Kişilər 156, qadınlar 151 dəst medalı bölüşdürəcəklər. Qarışıq və ya açıq yarışların sayı isə 18-dən 22-yə çıxarılacaq.
Tarixdə ilk dəfə olimpiya proqramına salınmış və 6 medal dəsti oynanılmış karate elə ilk cəhddən olimpiada ilə vidalaşdı. Ondan savayı, beysbol və softbol da təşkilatçıların ürəyincə deyil. İlk növbədə, iri arenaların tələb olunmasına görə. Olimpiada başa çatdıqdan sonra bu arenalar boş qalacaq və maliyyə itkisinə çevriləcək.

Amma əvəzində, Yeniyetmə Oyunlarının sınağından uğurla çıxmış breyk-dans olimpiya proqramına salınıb. Proqramda skeytbordinq, sörfinq və qayayadırmanma da saxlanılıb. Yeri gəlmişkən, sörfinq yarışlarının məkanı olimpiya oyunları tarixinə indidən xüsusi bəndlə düşüb: yarış Parisdən 15 min 700 km aralıda Fransa Polineziyasında keçiriləcək. Biarrisa, Lakano, Landa və Lya Torşa ilə mübarizədə Polineziyanın ən böyük adası Tahiti qalib gəlib və beləcə olimpiadalar tarixində yarış əsas şəhərdən ən uzaq məsafədə Teahupo`o çimərliyində təşkil ediləcək. Doğrudur, dərhal yada "Melburn-1956" zamanı verilmiş qərar da düşür. O vaxt atçılıq idmanı yarışları İsveç paytaxtı Stokholmda keçirilmişdi. Lakin bu, karantin məhdudiyyətləri ilə bağlı idi və mübarizə əsas yarışlardan 5 ay əvvəl təşkil edilmişdi.

Ümumən yarışlar Böyük Paris, Paris Mərkəz və Versal olmaqla 3 zonaya bölünüb.
Lakin Parisdən kənarda təkcə sörfinq yarışları keçirilməyəcək. Ənənə üzrə futbol da geniş areala yayılır. Parisdəki "Park de Prens"lə yanaşı, "Velodrom" (Marsel), "Park Olimpik" (Lion), "Alyans Rivyera" (Nitsa), "Matmü Atlantik" (Bordo), "Joffrua Gişar" (Sent-Etyenn) və "Bojuar" (Nant) oyunları qəbul edəcək.

İl de Frans regionunun Ver-sör-Marndakı Milli Olimpiya Su İdmanı Stadionunda avarçəkmə, kanoe və kayak üzrə sprint və slalomlar keçiriləcək. Lillin "Pyer Morua" stadionu həndbol oyunlarını, Aralıq dənizinin Marsel sahilləri isə futbolla yanaşı, yelkən idmanını qəbul edəcək.

Növlər və gender məsələləri ilə bağlı onu da xüsusi qeyd edək ki, iki "bədii" növ - gimnastika və üzgüçülük (sinxron üzgüçülük) hələlik yalnız qadınların mübarizə aparacağı növlərdir.

Əlbəttə, bizi də ilk növbədə növlər və seçim mərhələləri maraqlandırır. Bu səbəbdən qarşıdakı müddətdə söhbət açacağımız bəzi məslələrə indidən diqqət edək. Yarış proqramları sıxışdırıldığından bəzi növlərdə seçim prosesi sərtləşdiriləcək. Eyni zamanda, "Paris-2024"ün təşkilatçıları yarışlara marağı məhz rəqabət yolu ilə artırılmasını istəyirlər. Bu səbəbdən, sadəcə, adı yarış sıyahısında olması üçün mübarizə meydanlarına çıxacaq idmançıların sayının azaldılması da hədəflərdən biridir. Lakin bununla belə BOK bir sıra növlərdə "əsas iştirakdır" devizi ilə idman növlərinin inkişafını dəstəkləmək üçün ənənəvi "vayld kard"lardan imtina etməyəcək.

Avarçəkmə slalomunda kanoe proqramı ilə iki medal dəsti əlavə olunacaq. Qayayadırmanmada sürət proqramında ayrıca yarış təşkil ediləcək.
Atletikada 50 km-ə idman yerişi ləğv olunaraq, əvəzində qarışıq estafet yarışı proqrama salınacaq. Boksda kişilər daha bir çəkini qadınların xeyrinə qurban verəcəklər.

Ağırlıqqaldırmanın başı üzərini duman alsa da, hələlik onun proqramdan çıxarılması müzakirə olunmur. Lakin yarış iştirakşılarının sayı daha 30 faiz azaldılacaq. Həm qadın, həm də kişilərdə iki çəki dərəcəsi ləğv olunub.
Yelkən idmanında isə medal dəstləri dəyişmədən, proqramlara əl gəzdiriləcək. Bu dəfə vindsörfinqin "RS:X" formatı yerini "İQFoil"ə verəcək.

Ümumən bütün növlər üzrə seçim proqramlarına bir daha baxılacaq. Baş verəcək yeniliklərlə zamanında oxucularımızı da tanış edəcəyik.

BATI YAR

Xəbər 453 dəfə oxundu.