Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
Azərbaycan klublarının builki Avrokubok macəraları hələ də iki klubla davam edir. Ümidlər azalıb və iynənin ucu boyda qalıb. Tükdən asılı olan hər iki təmsilçimiz sapı iynənin gözündən keçirə bilsə, mövsüm üçün ilk böyük vəzifəni yerinə yetirmiş olacaq.

Doğrusu, Avrokubokların yeni qaydaları və Konfrans liqası "Azərbaycan futbolunun dadına yetişdi" deyə bilərik. Bu yenilikdən itirən bəlkə də "Qarabağ"dır. O mənada ki, komanda növbəti çempionluğunu qeyd etmiş olsaydı, indi rahatlıqla qruplardan birində yer alardı. Bu təxmin olsa belə, əsaslı iddiadır. Çünki komandanın hazırkı mövsümdəki səviyyəsi belə "Neftçi"dən fərqli olaraq, ən azı iki qrupdan birinə yolunu açmışdı. Konkret desək, "Neftçi"nin bunaqədərki bütün oyunlarında qələbələr üçün xarakteri çatmadı. Futbolda, taktiki planlar, oyun elementləri və s. ilə bağlı çox müzakirə aparmaq, iş görmək olar. Deməli, öz oyun planını, heyətini erkən formalaşdırmaqla yanaşı, futbolçuda qələbə ehtirasını cilovlayan xarakter formalaşdırmaq və bununla meydanda uğurlara yol açıb iştahı da diş altına salmaq olar.

Qrup ərəfəsi son mərhələdə həm "Qarabağ", həm də "Neftçi" son həddə müşkül rəqiblərlə üzləşiblər. "Qarabağ"ın tarixi şansı, bunaqədərki imici, formalaşdırdığı ad, oyun təcrübəsi, əvvəlki illərdə güclülərə meydan oxuması ümidlərin əsassız olmadığını göstərir. Əlbəttə, ənənəvi şotlandsayağı, yaxud Britaniya futboluna yaxın tərzi ilə "Aberdin" çox müşkül rəqibdir. Komandanın bir-iki uğurlu cinah keçidinin müvəffəqiyyətlə və ya təhlükəli tamamlanması yetər ki, "Qarabağ" çətinliklərin dadını duymağa başlasın. Lakin elə bu tərz Ağdam klubuna sapı iynənin dar gözündən sərrast dəqiqliklə keçirməyə də imkan verə bilər. Komandanın yaradıcı, xüsusən meydanın mərkəzindən idarə olunan şaxəli oyun göstərərək, fərdi ustalığı işə salması, öndə Ramil Şeydayevin manevrlərinin təhlükəsi yetər ki, rəqib öz evində belə ayaq açıb yeriyə bilməsin.

Bakıdakı görüşdən çox dərs götürmək mümkün deyil. Hər oyunda meydanın ot örtüyünün yaradıcı və sürətli manevrli oyuna imkan vermədiyi müşahidə olunur. Əlbəttə, bunun müsbət cəhəti "Aberdin" kimi rəqibin qarşısının alınmasına gətirib çıxarmasıdır. Lakin meydan "Qarabağ"a da öz planlarını tam yerinə yetirməyə imkan vermir. Belə vəziyyətdə, rəqib bəlkə də minimal itki ilə evinə yollanmağı şans sayırsa, "Qarabağ"ın ikinci topu qapıdan keçirə bilməməsi qarşıdakı intriqanı bir az da artırır. Həm də "Qarabağ"ın da arxayınlaşmağa əsası olmayacaq.

"Neftçi"yə gəldikdə, HİK-lə oyundan söz açmağa dəyməz. Halbuki rəqib heç də müşküllərdən deyildi. Buraxılan 3 qol "Neftçi"nin durumunu əyani nümayiş etdirir. Namiq Ələsgərovun olmaması komandanın problemlərini birdən bu qədər qəfil qabardırsa, meydana heç çıxmağa dəyməz. Ölkəni Çempionlar liqasında təmsil edən bir klubun bu duruma düşməsi, onun klub kimi nə qədər zəif olmasının göstəricisidir. Lakin maraqlı olan, arxa xətdə qalaqlanmış problemlərin çözülməməsi ilə yanaşı, oyun quruculuğunda görünən imkanların dəyərləndirilməməsidir. Hələ bir komandada lazımi minimal oyun xarakteri formalaşmırsa, deməli, düz istiqamətdə iş aparılmır.

Əlbəttə, İsrail klubu ilə oyunun ikinci yarısında qəfil dəyişən mənzərə ilə 3 topun vurulması, iki top fərqilə üstünlüyün əldə olunmasını xüsusi qabartmaq olar. Lakin "bunda rəqibin rolu olmadımı" sualına cavab axtarmağa lüzum yoxdur - hər şey göz önündədir. Elə matçın sonluğu, azlıqda qalan ev sahiblərinin qapısından keçirilən iki top daha bir cavabdır.

Söz yox ki, elə ilk matç "Neftçi"nin də şanssız olmadığını göstərir. Rəqib qapısına 3 dəfə yol tapılmasında klubun da səyləri az rol oynamadı. Rəqibdə yaranan çaşqınlıq nə qədər uzun sürsə də, bunu qol reallığına çevirmək imkanlardan xəbər verir. Elə bu səbəbdən "Neftçi"də imkanlar ola-ola, xarakter natamamlığını daha çox qabardırıq. İsraildə çətin matçı asan oyuna çevirmək mümkündür. Bunun yollarını Bakıda da əyani görmək olardı. Rəqib ardıcıl dayanıqlı rəqabətə hələ tam hazır deyil. "Neftçi"nin çoxplanlı cinah və mərkəzdən həmlələri çox şeyi həll edə bilər. Bir qədər sakit, lakin partlayışlı cavablar effektli vasitələrdən biri kimi diqqət çəkə bilər. Ən vacibi, "Neftçi" rəqibi erkən susdurmaq üçün şansa malikdir. Sual doğuran, müdafiənin ipə-sapa düzülməsidir. Burada baş məşqçi bir qədər düşünməlidir.

BATI YAR

Xəbər 434 dəfə oxundu.