Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”ni məğlub edib
Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

Günün Zirə İdman Kompleksində keçirilən ilk oyununda “Zirə” komandası sonuncu çempion “Neftçi” ilə üz-üzə gəlib. Görüş “Neftçi”nin qələbəsi ilə başa çatıb – 2:1.

Oyunda ilk qolu 72-ci dəqiqədə Fəhmin Muradbəyli vurub. Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hər iki komanda hərəyə bir dəfə fərqlənməyə nail olub. Əvvəlcə Emin Mahmudov fərqi iki topa çatdırıb. Bir dəqiqə sonra isə David Volkov adını tabloya yazdırıb.

"Ağ-qaralar" birinci turda evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib. “Zirə” isə “Qarabağ” ilə oyunda bir xalla kifayətlənməli olub - 1:1.

Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıblar. Altı görüşdə qalib müəyyənləşməyib. Top fərqində “Zirə”nin minimal üstünlüyü var - 23:22.

Xatırladaq ki, Premyer Liqanın ikinci turuna “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu ilə yekun vurulacaq.

Turun avqustun 21-də keçirilən digər iki oyunda “Qəbələ” öz meydanında “Keşlə”ni (2:1), “Sumqayıt” isə “Sabah”ı (2:0) məğlub edib.

Xəbər 374 dəfə oxundu.