Azərbaycan Premyer Liqası: "Qəbələ" komandası "Keşlə"ni, "Sumqayıt" isə "Sabah"ı məğlub edib
Avqustun 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start verilib.

Günün ilk matçında "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Yaovi Akakpo, Rafael Utziq, rəqib komandadan isə Anatole Abanq fərqləniblər.

Günün sonuncu görüşündə "Sabah" komandası "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da keçirilən matçda "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda qolları Əli Qurbani və Tellur Mütəllimov vurublar.

Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.

Birinci turdan sonra hesabında 3 xal olan "Sumqayıt" və "Səbail" komandaları turnir cədvəlinin ilk iki pilləsində yer alıblar. "Qəbələ", "Zirə", "Neftçi" və "Qarabağ" klublarının hesabında 1 xal var. "Sabah" və "Keşlə" isə ilk turda məğlub olublar.

Xəbər 338 dəfə oxundu.