Azərbaycan güləşçisi Toğrul Əsgərov Olimpiya çempionu oldu!!!
Azərbaycan güləşçisi Toğrul Əsgərov Olimpiya çempionu oldu! 19 yaşlı Avropa çempionumuz 60 kq çəki dərəcəsində, finalda Pekin-2008-in bürünc mükafatçısı, 4-qat dünya çempionu, təcrübəli rusiyalı Besik Kuduxovu asanlıqla məğlub edərək OLİMPİYA ÇEMPİONU adını QAZANDI!

Final qarşılaşmasının ilk hissəsində 1:0 hesabı ilə qalib gələn idmançımız ikinci hissədə daha inamla mübarizə apararaq 5:0 hesabı ilə qalib gəlib. Bununla da o Olimpiya çempionu olub və Azərbaycan London Olimpiadasında ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.
Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.

Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.

Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

Xəbər 3486 dəfə oxundu.