Paralimpiya Oyunlarında iştirak etmək üçün Tokioda olan cüdoçularımızdan biri koronavirusa yoluxub
“Tokio-2020” XVI Paralimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtına gələn cüdoçumuz, “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov koronavirusa yoluxub.

Tokiodakı Atletlər kəndində idmançımızdan götürülən COVID-19 testinin nəticəsi müsbət çıxıb. Azərbaycan komandasının tələbi ilə bir neçə saat sonra götürülən təkrar test nümunəsinin də nəticəsi müsbət çıxdığına görə cüdoçumuz yarışlardan kənarlaşdırılıb. O, Tokioda xüsusi karantin zonasına yerləşdirilib. Ramil Qasımov karantin müddəti başa çatdıqdan sonra Vətənə qayıdacaq.

Həmçinin bildirilir ki, Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvünün PCR testlərinin nəticələri mənfi çıxsa da, onlar da yüngül karantin rejimində qalacaqlar. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantin rejimi zonasına yerləşdirilmiş idmançılarımız məşqlərinə davam edərək, yarışlara qatılacaqlar. Lakin onların açılış mərasimində iştirak etmələrinə icazə verilməyəcək.

Qeyd edək ki, 11 cüdoçumuz arasında ikiqat Paralimpiya çempionu İlham Zəkiyev də yer alıb. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.

Komitədən, həmçinin bildirilib ki, Tokioda Atletlər kəndində yerləşən idmançılarımızın səhhətində heç bir problem yoxdur. Komandanın bütün üzvləri yarışlara tam hazırdır.

AZƏRTAC

Xəbər 308 dəfə oxundu.