Yunan-Roma güləşçimiz Sərxan Məmmədov dünya çempionatının finalına vəsiqə qazanıb
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Beşinci yarış günündə - avqustun 20-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Elmir Əliyev (55 kq) səkkizdəbir final mərhələsində iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Ziya Babaşov (63 kq) debütdə yerli pəhləvanla bacarmayıb. Elcan Məmmədov (77 kq) təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq səkkizdəbir finalda Belarus təmsilçisinə məğlub olub.

Çempionatda 87 kiloqram çəki dərəcəsində çıxış edən Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən L.Vəliyev dörddəbir finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb. Ancaq Hollandiya idmançısı keçilməz olub. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Millimizin üzvü Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. S.Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisi ilə gərgin keçən mübarizədən də qalib ayrılan S.Məmmədov finala yüksəlib.

Bu çəki dərəcələrində təsəlliverici və medal qarşılaşmaları avqustun 21-də keçiriləcək.

Xəbər 354 dəfə oxundu.