Oloxan Musayev: Yarışlara yüksək səviyyədə hazırlaşmışıq
Paralimpiya çempionu kimi onu deyə bilərəm ki, “Tokio-2020”-yə yüksək əhval-ruhiyyə ilə yola düşürük. Pandemiya dövrü olmasına baxmayaraq, biz paralimpiyaçılar yarışa yaxşı hazırlaşmışıq. Türkiyədə və Dubayda yüksək səviyyədə təlim-məşq toplantıları keçmişik. İnşallah, Vətənə medallarla dönəcəyik.

Bu sözləri Azərbaycanın paralimpiya yığmasının yolasalma mərasimində komandanın üzvü, Paralimpiya çempionu Oloxan Musayev jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Biz bu oyunlara ən güclü, həm də böyük heyətlə gedirik. Əvvəlki illərdən fərqli olaraq, Tokioya rekord sayda lisenziya qazanmışıq. 36 lisenziya az deyil. İnanıram ki, üçrəngli bayrağımızı Tokioda yüksəklərə qaldıracağıq”.

İki kateqoriyada mübarizə aparacağını bildirən O.Musayev qeyd edib ki, avqustun 27-də nüvə itələməkdə, 30-da isə disk atmada qüvvəsini sınayacaq. “Onu da deyim ki, mənim əsas çıxışım nüvə itələmək üzrədir. Paralimpiya çempionu adını da məhz bu növdə qazanmışam. Bir daha qeyd etmək istəyirəm ki, yarışlara çox yüksək səviyyədə hazırlaşmışıq. İndi isə özünü göstərməyin və söz deməyin vaxtıdır”, – deyə O.Musayev əlavə edib.

Xəbər 486 dəfə oxundu.