Konfrans Liqası: "Neftçi" "Makkabi" ilə matçda qələbəni əldən verib
“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Ağ-qaralar” “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb. Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi görüş 3:3 hesabı ilə başa çatıb.

Meydana 5-4-1 taktiki düzülüşü ilə çıxan flaqmanın qapısını Aqil Məmmədov qoruyub. Beşli müdafiənin mərkəzində Mamadu Mboc, Voislav Stankoviç, Mert Çelik, cinahlarında isə Romen Bask və gənc İsmayıl Zülfüqarlı oynayıb. Yarımmüdafiə xəttində Mamadu Kane, Emin Mahmudov, Sabir Buqrin və Yusuf Laval çıxış edib. Hücumun sivri ucunda isə Harramiz Soareş yer alıb.

Əvvəlki oyunlardan fərqli budəfəki matça "Neftçi" azarkeşlərinin marağı elə də çox deyildi. Qarşılaşmanı tribunadan təqribən 2 minə yaxın tamaşaçı izləyib. Görüş qonaqların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 9-cu dəqiqədə hesab açılıb. Hayfa təmsilçisinin heyətində Omer Atsili fərqlənib. “Neftçi” buraxılan qola Yusuf Lavalla cavab verməyə yaxın olsa da, nigeriyalı yarımmüdafiəçinin zərbəsini qarşısını rəqib müdafiəçi kəsib. 25-ci dəqiqədə “Makkabi” futbolçuları fərqi artırmaq üçün yaxşı fürsət yaxalayıblar. Lakin Aqil Məmmədov Tyaron Çerinin qol vurmasına imkan verməyib. 31-ci dəqiqədə görüşün referisi Villi Delajo “Neftçi”nin baş məşqçisi Samir Abasova etiraza görə sarı vərəqə göstərib. Tədricən təşəbbüsü ələ alan “ağ-qaralar” Harramiz Soareşlə “Makkabi”nin qapısı qarşısında təhlükə yaradıblar. Lakin hücumçunun başla zərbəsi istənilən kimi alınmayıb. Bakı klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha inamlı start verən “Neftçi” 50-ci dəqiqədə yusuf Lavalın uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa edib. Qoldan ruhlanan meydan sahibləri 66-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Laval özünün və komandasının 2-ci qoluna imza atıb. 72-ci dəqiqədə “Neftçi”nin heyətində Emin Mahmudov səhnəyə çıxıb. Kapitan Lavalın sol cinahdan ideal ötürməsini boş qapıya göndərib. 77-ci dəqiqədə flaqman meydanda azlıqda qalıb. İsmayıl Zülfüqarlı ikinci sarı vərəqəni görərək, qovulub. Təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirən Tyaronn Çeri isə hesab arasında fərqi minimuma endirib. Oyunun sonlarında Aqil Məmmədov 2 dəfə komandasını 100 faizlik qoldan xilas edib. Lakin qonaqlar görüşün əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqəsində hesabı bərabərləşdiriblər. Çeri dubl müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da olacaq.

Xəbər 336 dəfə oxundu.