Tokio Paralimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa 18 yoluxma halı qeydə alınıb
Avqustun 24-də başlayacaq Tokio Paralimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa 18 yoluxma halı qeydə alınıb.

Virusa yoluxanlardan altısı əcnəbidir. Onlardan dördü kütləvi informasiya vasitələrinin nümayəndəsi, biri məmur, digəri isə podratçıdır. Bu şəxslərin artıq 14 günlük karantin müddətinin başa çatdığı da qeyd edilir.

Qalan 12 nəfərin isə Yaponiya vətəndaşı olduğu bildirilir ki, bunlardan da 10-u podratçı, biri könüllü və biri təşkilat komitəsinin əməkdaşıdır.

Qeyd edək ki, bu, Tokio Oyunlarının təşkilat komitəsinin avqustun 12-dən Paralimpiya Oyunları ilə əlaqədar yoluxma halları barədə məlumatları açıqlamağa başlamasından sonra ən böyük gündəlik göstəricidir.

Bununla yanaşı, ötən həftə başa çatmış Tokio Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında da daha dörd yoluxmanın qeydə alındığı bildirilir. Bunlardan birinin Yaponiyaya gəldikdən sonra 14 gün karantində qalmış rəsmi nümayəndə olduğu qeyd edilir. Qalan üçü isə Yaponiya vətəndaşıdır.

Tokio Oyunlarının təşkilat komitəsinin iyulun 1-dən bu günədək qeydə aldığı yoluxma hallarının sayının ümumilikdə 602 nəfər təşkil etdiyi də bildirilir. Onlardan 544-ü Olimpiya, 58-i Paralimpiya Oyunları ilə əlaqəli şəxslərdir.

Paralimpiya Oyunlarına qatılmaq üçün Yaponiyaya gəlmiş Azərbaycan nümayəndə heyətinin tərkibində koronavirusa yoluxma halı qeydə alınmayıb. Bu barədə Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov bildirib ki, idmançıların qorunması üçün lazım olan bütün tədbirlər görülür və müvafiq qaydalara əməl edilir.

AZƏRTAC

Xəbər 400 dəfə oxundu.