Yeniyetmə şahmatçılarımız dünya kuboku yarışlarında çıxışlarını davam etdirirlər
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışlarının seçmə mərhələsi davam edir.

10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

Dünya kubokunda artıq 18, 16 yaşlı oğlanlar, 12 yaşlı qızlar arasında seçmə yarışında altıncı turun oyunları keçirilib.

On səkkiz yaşlılarda təmsilçimiz Aydın Süleymanlı rəqibini məğlub edərək xallarının sayını 5-ə çatdırıb. Bu nəticə ilə şahmatçımız 3-9-cu yerləri bölüşür. Şahmatçılarımızdan Əhməd Əhmədzadə, Vüqar Manafov, Elnur Teymurov da 6-cı turu qələbə ilə başa vurublar. Ə.Əhmədzadə 6 turun nəticəsinə görə 4, V.Manafov və E.Teymurov 3 xal toplayıblar.

On altı yaşlılarda ən yaxşı nəticəni Xəzər Babazadə göstərib. Şahmatçımız 5 xalla 5-12-ci yerləri bölüşür. Şiroğlan Talıbov və Sadiq Qarayev 3 xal toplayıblar.

On iki yaşlı qızların yarışında isə Xanım İsmayılova 4, Ayan Hüseynli 3,5, Lalə Hüseynova 3 xal toplayıblar.

Qeyd edək ki, artıq 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışlar yekunlaşıb. On yaşlı oğlanların seçmə yarışında Xaqan Əhməd, on iki yaşlıların seçmə yarışında isə təmsilçimiz Cahandar Azadəliyev birinci yeri tutublar.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Xəbər 334 dəfə oxundu.