Qurban Qurbanov: Azarkeşlər qələbə ilə yanaşı, qollardan da həzz alırlar
Sabah çox vacib oyuna çıxaracağıq. Düzdür ilk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq.

Bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 18-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçularım “Aberdin”i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq. Rəqibə boşluqlar verməməyə çalışacağıq. Rəqib topla davranmağı xoşlayır və rahat qol vurmağı bacarır. Heç nədən qol epizodu yaradıb fərqlənə də bilirlər. Bütün komponentlərdə diqqətli olmalıyıq. İnanıram ki, sabah bunu bacaracağıq.

“Sabah ot örtüyü əvvəlkindən yaxşı olmayacaq. Çünki cəmi bir həftə keçib. Biz də çox istəyərdik ki, yaxşı meydanda oynayaq. Topla davranmaqda çətinlik çəkəcəyik. Amma rəqib hava mübarizələrində yaxşıdır. Bunun qarşısını almağa çalışacağıq”, - deyə Q.Qurbanov əlavə edib.

Baş məşqçi deyib: “Biz azarkeşlər üçün oynayırıq. Onlar qələbə ilə yanaşı, qollardan da həzz alırlar. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vuraq. Bizə bütün rəqiblər həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən bizi sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdir. Bu səbəbdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir”.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.

AZƏRTAC


Xəbər 354 dəfə oxundu.