Güləşçimiz Aydın Əhmədov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

İkinci yarış günündə - avqustun 17-də 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Əbülfəz Nəsirov (61 kq) ilk mərhələdə Qazaxıstandan olan rəqibini məğlub edib. Səkkizdəbir finalda Özbəkistan güləşçisi ilə gərgin keçən mübarizədə sonuncu xal prinsipinə əsasən qalib gələn Ə.Nəsirov dörddəbir finala yüksəlib. Anaq yarımfinalın bir addımlığında təmsilçimiz İran pəhləvanı ilə bacarmayıb.

Millimizin üzvü Turan Bayramov (74 kq) səkkizdəbir finalda almaniyalı güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. İdmançımız ABŞ təmsilçisi ilə qarşılaşmada 5:1 öndə olsa da, “tuşe” ilə rəqibinə uduzub.

Saqadulla Ağayev (86 kq) debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib.

Abdulcəlil Şabanov (92 kq) startda moldovalı rəqibi üzərində inamlı qələbə qazanıb. Ancaq səkkizdəbir finalda rusiyalı güləşçi keçilməz olub.

Turnirdə 125 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Əhmədov təsnifat mərhələsində bolqar həmkarını sonuncu xal prinsipinə görə üstələyib. Həmyerlimiz Gürcüstan pəhləvanına da gücünü göstərərək yarımfinala vəsiqə qazanıb.

Xəbər 326 dəfə oxundu.