Tokio Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək
Avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokio şəhərində XVI Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək.

Bu barədə qərar Paralimpiya Oyunlarının təşkilat komitəsi, Tokio paytaxt administrasiyası, Yaponiya hökuməti və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul edilib.

İclas iştirakçıları Oyunların başlamasına səkkiz gün qalmış Paralimpiya yarışlarına ictimaiyyətin nümayəndələrinin qatılmasına icazə verilməsi məsələsini müzakirə ediblər. Xatırladaq ki, bu, bir neçə gün əvvəl başa çatmış Olimpiya Oyunlarının əksəriyyətinin tamaşaçılarsız keçirilməsindən sonra baş verib.

Qeyd edək ki, Paralimpiya Oyunlarının Yaponiyanın dörd prefekturasında təşkili planlaşdırılır. Bunlardan üçündə -Tokio, Saytama və Çiba prefekturalarında koronovirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şizuoka prefekturasında isə bu vəziyyətin tətbiqi barədə qərarın cümə günündən qüvvəyə minəcəyi gözlənilir.

Bununla yanaşı, qəbul edilən qərara əsasən, xüsusi sosial proqram çərçivəsində həmin prefekturalarda məktəblilərin bəzi yarışları izləməsinə şərait yaradılacaq. Bu zaman yoluxmanın yayılmasının qarşısını almaq üçün ən sərt tədbirlər görüləcək.

Xəbər 321 dəfə oxundu.