Azərbaycanın dörd güləşçisi dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Güləşçimiz Nurəddin Novruzov (57 kq) startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb.

Millimizin üzvü Zirəddin Bayramov (65 kq) ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Z.Bayramov gürcü rəqibi ilə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev səkkizdəbir finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan C.Hacıyev yarımfinala adlayıb.

Əşrəf Aşırov (79 kq) dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbə ilə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Ə.Aşırov yarımfinala vəsiqə qazanıb.

Xəbər 334 dəfə oxundu.