Zəfər Gününə həsr edilmiş karate üzrə birinci açıq respublika turniri keçirilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” birinci açıq respublika turniri keçirilib.

Bakı Karate-do Akademiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin karantin rejimi ilə əlaqədar tələb və tövsiyələrinə uyğun qaydada təşkil olunan yarışda Bakı, Sumqayıt, eləcə də 14-ə yaxın rayonu təmsil edən 20-ə yaxın komandanın heyətində 150 idmançı mübarizə aparıb.

Turnirin açılış mərasimində Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida” şüarının müqəddəs Vətən torpağı uğrunda xalqımızın apardığı Vətən savaşının əsas qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu böyük qürur hissi ilə bildirib. O, 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirməklə onları əzəli torpaqlarımızdan əbədi qovduğunu bildirərək savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözlədiyini vurğulayıb: “Biz qələbəmiz üçün şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandana borcluyuq. Bu böyük qələbə ilə ölkəmiz bütün dünyaya sübut etdi ki, mübariz Azərbaycan xalqı əzəli torpaqlarımızın işğalı ilə barışmayacaq. Ordumuz düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmi məhv edildi. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Qarabağ Azərbaycandır!”.

Bu günün sağlam gəncinin dövlətimizin gələcəyi, işıqlı sabahımızın təminatçısı olduğunu bildirən V.Abdullazadə bu cür tədbirlərin mütəmadi olaraq təşkilinin vacibliyini qeyd edib.

Sonra məşhur “Nənələr” qrupunun ifasında mahnılar səslənib. Daha sonra isə veteran karateçilər nümunəvi çıxışlar nümayiş etdiriblər.
Açılış mərasimindən sonra final qarşılaşmalarına start verilib. Finalda 45 kiloqram çəki dərəcəsində 13-14 yaşlı qızlar arasında kəmər uğrunda görüşlər keçirilib. Bakı Karate-do Akademiyasının yetirməsi Jasmin Xəlilova rəqiblərini üstələyərək döyüş kəmərini qazanıb.

Sonda 35 yaş dərəcəsində və müxtəlif çəki dərəcələrində qalib və mükafatçılar üzərində Zəfər Gününün rəmzi olan “Dəmir Yumruq” təsvirinin əks olunduğu xüsusi medal və diplomlarla təltif olunublar.

Xəbər 346 dəfə oxundu.