Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası “2907” devizi altında ümumrespublika seminarı keçirib
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “2907” devizi altında ümumrespublika seminarı keçirib.

Azərbaycanın müxtəlif bölgələrindən yüzə yaxın idmançının iştirak etdiyi seminar şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Braziliya ciu-citsu döyüş sənətinin Azərbaycanda inkişafına töhfə verən qara kəmər sahibi Taleh Həsənov, eyni zamanda, Birinci Qarabağ müharibəsi veteranı kimi uzun illər həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmağın sevincini yaşamağın böyük qürur hissi doğurduğunu vurğulayıb. T.Həsənov artıq idmançıların qarşısında böyük vəzifə durduğunu, onların bundan sonra beynəlxalq yarışlarda ölkəmizi daha böyük əzm və qətiyyətlə təmsil etməli olduqlarını bildirib.

Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov çıxışında pandemiyanın fəsadlarından, onun idmançıların hazırlığına mənfi təsirindən danışıb. O, idmançıların üzərinə düşən böyük məsuliyyətli vəzifədən, onların post pandemiya dönəminə hazır olmasının vacibliyindən danışaraq tövsiyələrini verib. A.Acalov bildirib ki, Vətən uğrunda müharibə qələbə ilə nəticələnib. Amma idman yarışlarında mübarizə heç vaxt bitmir. İdmançılar iştirak etdikləri bütün yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa can atmalı, bu amal uğrunda daim çalışmalıdırlar.

Federasiyanın vitse-prezidenti Rüfət Həsənov hər bir idmançının həm də vətənpərvər olmasının vacibliyini vurğulayıb. Bildirib ki, ölkəmizin beynəlxalq aləmdə tanınması, bayrağının dalğalanmasında idmançılarımızın əvəzsiz rolu var. Hər bir idmançı həm də Vətənin təbliği uğrunda mübarizə aparan Azərbaycan əsgəridir.

Çıxışlardan sonra seminar işə başlayıb. Seminar T.Həsənovun rəhbərliyi və federasiyanın vitse-prezidenti, qara kəmər sahibi Anar Səfərovun müşayiəti ilə keçirilib.

Seminarda Braziliya ciu-citsusu üzrə bir sıra, bu idman növünün incəlikləri nümayiş etdirilib.

Attestasiyadan keçən idmançılara növbəti kəmər dərəcələri təqdim olunub.

Xəbər 374 dəfə oxundu.