Azərbaycan Avropa Voleybol Konfederasiyasının plenar iclasında təmsil olunub
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib.

Azsport.az AVF-yə istinadla xəbər verir ki, CEV-in İdarə Heyəti yeni tərkiblə ilin üçüncü toplantısını Avstriyanın paytaxtı Vyanada keçirib.

İclasda cari ilin voleybolsevərlər üçün maraqlı olacağı qeyd edilib. Daha sonra hər kəsin böyük maraqla izlədiyi “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarından, çimərlik voleybolu üzrə qitə birinciliyindən və bir neçə gündən sonra start götürəcək Avropa çempionatından danışılıb. İclasda pandemiya dövrünün voleybola mənfi təsirlərindən və bununla bağlı mübarizə yollarından, həmçinin qarşıda duran planlardan da söhbət açılıb.

Xəbər 330 dəfə oxundu.