Yaponiyadakı səfirliyimizin əməkdaşları paralimpiyaçılarımızın Tokio Paralimpiya Oyunlarına hazırlığı ilə maraqlanıblar
Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları paralimpiyaçılarımızın İşikava prefekturasının Şika şəhərində “Tokio-2020” Paralimpiya Oyunlarına hazırlığı, onlar üçün yaradılmış şəraitlə tanış olublar.

Şika şəhərinə səfər edən səfirliyin əməkdaşları şəhər meriyasının şöbə müdiri Oi Hiedaki və Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə müdiri Rüfət Hacılı ilə görüşüblər. Onlara idmançılarımızın yerləşdiyi otel, yeməkxana, məşq zalları və hovuzlar barədə ətraflı məlumat verilib. Yaponiyanın bu şəhərində azərbaycanlı güləşçiləri və paralimpiyaçıları xüsusən yaxşı tanıdıqları, idmançılarımızın burada özlərinə çoxsaylı azarkeşlər qazandığı, yerli idmançılarla dostluq əlaqələri qurduğu qeyd edilib. Yaponiyaya gəldikdən sonra Tokio Paralimpiya Oyunları ilə əlaqədar qaydalara müvafiq olaraq idmançılarımızın artıq məşqlərə başladığı da bildirilib. Onlardan hər gün koronavirus testinin götürüldüyü, yerli əhali ilə görüşlərə icazə verilmədiyi də vurğulanıb. Buna baxmayaraq, yerli azarkeşlərin Azərbaycan paralimpiyaçılarına yarışlar zamanı dəstək olacağı da qeyd edilib.

Səfirliyin birinci katibi Rövşən Cəfərov idmançılarımız üçün yaradılan şəraitə görə Şika şəhərinin rəhbərliyinə minnətdarlığını çatdırıb. Ümidvar olduğunu bildirib ki, yarışlara hazırlaşmaq üçün yaradılan şərait, Şika şəhərindən olan azarkeşlərin güclü dəstəyi “Tokio-2020” Paralimpiya Oyunlarında idmançılarımızın yüksək nəticələr əldə etməsinə mühüm kömək olacaq. Diplomat, həmçinin idmançılarımıza dəstək məqsədilə Şika şəhər xoru, məktəblilər, idmançılar və digər azarkeşlər tərəfindən hazırlanan və Yaponiyanın “sports.nhk” telekanalı vasitəsilə yayılan videoçarxa görə də təşəkkürünü ifadə edib.

Şika şəhərinin meriyasına Azərbaycanın mədəniyyətini və iqtisadiyyatını əks etdirən müxtəlif hədiyyələr təqdim olunub.

İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulanıb.

Əlavə olaraq qeyd edək ki, azərbaycanlı paralimpiyaçıların Tokio Paralimpiya Oyunları çərçivəsində Şika şəhərinin təşkil etdiyi “Host town” proqramına qatılması həm yerli Şika şəhər mətbuatının, həm də nüfuzlu Kyodo informasiya agentliyinin diqqət mərkəzindədir. Yaponiyanın kütləvi-informasiya vasitələri idmançılarımızın yerləşdiyi şərait və məşqlərlə bağlı materiallara geniş yer verirlər.

Xəbər 303 dəfə oxundu.