Azərbaycanı gənclər arasında dünya çempionatında təmsil edəcək sərbəst güləşçilər müəyyənləşib
Avqustun 16-dan 22-dək Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ikiillik fasilədən sonra təşkil olunacaq mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda ölkəmizi təmsil edəcək gənclərdən ibarət sərbəst güləş millimiz avqustun 13-də Rusiyaya yollanıb. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Saqadulla Ağayev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) dünya çempionatında uğur qazanmağa çalışacaqlar.

Yarışın proqramına əsasən, avqustun 15-də püşkatma mərasimi keçiriləcək və sərbəst güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Ertəsi gün Bakı vaxtı ilə saat 10:00-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək. Həmin gün axşam seansında (17:00-18:30) yarımfinal görüşləri keçiriləcək. 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər isə avqustun 17-də mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Xəbər 288 dəfə oxundu.