Yeni məşqçilər heyəti cüdo üzrə milli komandaya təqdim olunub
Bu gün Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. Bu barədə Azərbaycan Cüdo Federasiyanın rəsmi saytında məlumat verilib. Qeyd edilib ki, Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdimat mərasimində çıxış edərək millinin heyətində çoxlu gənc, perspektivli cüdoçuların olduğunu bildirib. Yeni məşqçilər heyətinin də kifayət qədər təcrübəyə malik olduqlarını vurğulayan S.Sadıqov komandada sağlam rəqabətin yaranacağına inandığını bildirib.

Kişilərdən ibarət millimizin sabiq baş məşqçisi Ruslan Maşurenko komanda ilə vidalaşıb. O, yeni məşqçilər heyətinə və cüdoçulara uğurlar diləyib.

Sonra tanınmış cüdo mütəxəssisi, federasiyanın Daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə çıxış edərək yeni məşqçilər heyətinə, komandaya öz xeyir-duasını verib, uğurlar arzulayıb. Təcrübəli mütəxəssis cüdoçularımızın 2024-cü ildə Parisdə keçiriləcək növbəti Olimpiya Oyunlarında daha yaxşı nəticələr göstərəcəklərinə inandığını ifadə edib.

Sonra milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Təcrübəli cüdoçumuz, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib. Avropa çempionu, iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.

Xatırladaq ki, yeni məşqçilər heyətində Mövlud Mirəliyevlə yanaşı, Elçin İsmayılov, Zaur Babayev, Elxan Rəcəbli, Şümşat Bəhramov və İlham Məmmədov yer alıb.

Xəbər 330 dəfə oxundu.