Misirdə körpüyə Olimpiya çempionunun adı verilib
Misir Prezidenti Əbdülfəttah əl-Sisi Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıların adlarının körpü və küçələrə verilməsi barədə sərəncam imzalayıb.

Paytaxt Qahirədə yeni inşa edilmiş körpüyə “Tokio-2020” XXXII Olimpiya Oyunlarının qalibi Fəryal Əşrəfin adı verilib.

Qadınlar arasında karate üzrə Olimpiya çempionuna və ailə üzvlərinə telefonla zəng edən Misirin dövlət başçısı bildirib ki, uzun fasilədən sonra misirli idmançının Olimpiya Oyunlarında qızıl medal qazanması böyük nailiyyətdir. Fəryal Əşrəf idmanın bu növü üzrə ərəb və Afrika ölkələrində yeganə qadın çempiondur.

Misir idmançıları Olimpiya Oyunlarında sonuncu dəfə 17 il əvvəl qızıl medal qazanıblar. Bundan sonra ölkə idmançıları yarışlarda uğursuz çıxış ediblər. Tokioda çempionluq titulunu qazanan Fəryal Əşrəf Misirin Olimpiya tarixində bu şərəfə nail olmuş səkkizinci idmançıdır.

Xəbər 367 dəfə oxundu.