Millimizin voleybolçusu Kristina Besman: Komandamız tam heyətlə məşqlərə davam edir
Avropa çempionatının başlamasına bir neçə gün qalıb. Bütün iştirakçılar kimi, biz də hazırlığın sonuncu mərhələsindəyik. Bosniya və Herseqovinada məşqlərimiz davam edir və buradan birbaşa Serbiyaya yola düşəcəyik.

Bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının toppaylayıcısı Kristina Besman deyib.

Avropa çempionatına hazırlığın iyundan başlandığını deyən voleybolçu bildirib: “İki ay ərzində təlim-məşq toplanışları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama oyunlarında məğlub olduq, amma bu, bizi həvəsdən salmamalıdır. Artıq komandamız tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinadakı məşqlərimizə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq”.

Avropa çempionatlarında dördüncü dəfə iştirak edəcəyini vurğulayan voleybolçu deyib: “Hər bir idmançı kimi, mən də meydançaya qalib gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq, daha rahat qələbə qazana bilərik”.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək təşkil olunacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Xəbər 332 dəfə oxundu.