Karateçi İrina Zaretska: Fəal dəstəyə görə Azərbaycan xalqına minnətdaram
Olimpiadada uğur qazanmağımda mühüm rol oynayan fəal dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər zaman sizin fəxriniz olmağa çalışıram və bundan sonra da çalışacağam.

Bu fikirləri “Tokio-2020” XXXII Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi İrina Zaretska avqustun 12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Qızıl medal qazanmaq üçün cəmi 1 saniyənin çatmadığını vurğulayan İ.Zaretska deyib: “Bu medal mənim üçün motivasiyadır. Bu, hamımızın uğurudur. Mənə azarkeşlik etdiyiniz üçün sizə təşəkkür edirəm. Finaldan sonra dəstək sözləri yazan, mənə təsəlli verən hər kəsə minnətdaram. Bütün bunlar qəlbimi oxşayır, göz yaşlarıma səbəb olurdu. Qarşıda dünya çempionatı var. Karate yenidən Olimpiadanın proqramına daxil edilsə, mütləq orada da iştirak edəcəyəm. Baş məşqçimə də bu barədə demişdim, bu yarışdan sonra heç nədən çəkinmirəm. Bu, ən yüksək səviyyə idi. Bundan sonra elə bir özünəinam hissi yaranır ki, istənilən yarışda böyük uğur qazana bilərsən. Dünya çempionatında daha yaxşı formada olacağam. Olimpiya Oyunları artıq arxada qalıb. Bundan sonra döyüşmək mənə görə daha rahat olacaq”.

Xəbər 301 dəfə oxundu.