Güləşçi Rafiq Hüseynov: Azərbaycana medalla qayıtdığımız üçün sevinirik
Tokio Olimpiadasından Azərbaycana medalla qayıtdığımız üçün sevinirik. Bu, təkcə bizim deyil, Azərbaycanın qələbəsidir.

Bu fikirləri “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı Vətənə medalla qayıtması ilə bağlı sevincini belə ifadə edib: “Həm müharibənin, həm də pandemiya dövrünün çətinlikləri idmandan da yan keçmədi. Düzdür, bu Olimpiadada qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə medalsız da qayıtmadıq. Medal qazana bilməyən komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Hər bir qələbə, medal motivasiyadır, xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, üç il ərzində hazırlaşaq və növbəti Olimpiya Oyunlarında qızıl medala sahib olaq. Keçirdiyim dörd görüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə qarşılaşmaya xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim medal qazanmaq idi. Çox şükür ki, məqsədimə nail oldum və medal qazandım”.

Xəbər 342 dəfə oxundu.