UEFA Avropa Liqası: Bu gün “Neftçi” klubu Finlandiyada HİK-in qonağı olacaq
Bu gün Bakının “Neftçi” komandası UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü almaniyalı referi Deniz Aytekin idarə edəcək.

Komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Neftçi” və HİK bunadək Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış ediblər. Azərbaycan klubu Yunanıstanın “Olimpiakos” (0:1; 0:1), HİK isə İsveçin “Malmö” (1:2; 2:2) komandası ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.

Xəbər 322 dəfə oxundu.