Tokioda Olimpiya halqaları Paralimpiya Oyunlarının rəmzi ilə əvəz edilir
Tokio körfəzində 17 gündür nümayiş etdirilən Olimpiya Oyunlarının göy, sarı, qara, yaşıl və qırmızı rənglərdən ibarət beş halqalı rəmzi bağlanış mərasimindən sonra sökülüb.

Tokionun Odayba dəniz parkında yerləşdirilmiş üzən nəhəng halqalar Paralimpiya Oyunlarının “Üç Aqito” rəmzi ilə əvəz ediləcək. XVI Yay Paralimpiya Oyunları Yaponiyanın paytaxtında avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xatırladaq ki, eni 33, hündürlüyü 15 metr və çəkisi 66 ton olan Olimpiya abidəsi ötən ilin yanvarında açılıb. Lakin koronavirus pandemiyası səbəbindən yarışlar bir il müddətinə təxirə salındığına görə təmir üçün sökülüb. Ötən ilin dekabrında abidə yenidən quraşdırılıb.

Gecələr işıq saçan abidə iyulun 23-də başlayan və avqustun 8-dək davam edən Olimpiya həyəcanının yaşanmasında özünəməxsus rol oynayıb.

Tokionun geniş mənzərəsinin açıldığı, məşhur “Göy qurşağı” körpüsünün və “Tokio qülləsi”nin də aydın göründüyü Dəniz parkı ərazisində Olimpiya Oyunları zamanı triatlon və üzgüçülük üzrə marafon yarışları keçirilib.

Paralimpiya Oyunları zamanı da burada paratriatlon yarışlarının keçirilməsi nəzərdə tutulur.

Xəbər 424 dəfə oxundu.