Valentin Demyanenko start xəttinə çıxacaq
Bu gün Azərbaycanın əsas medal ümidlərindən olan kanoeçimiz Valentin Demyanenko start xəttinə çıxacaq. Dünya çempionumuz 1 nəfərlik qayıqla 200 m məsafəyə yürüşə seçmə mərhələdən başlayacaq.

1-ci qrupda yer alan təmsilçimizin rəqibləri Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbs (Kanada) olacaqlar. Startı saat 13:51-də veriləcək mübarizədə Demyanenko 4-cü yürüş zolağında yer alacaq.

Qeyd edək ki, təsnifat mərhələsində 25 iştirakçısı 4 qrupa bölünüb. Seçmə yürüşdə bu qruplarda ən zəif nəticəni göstərmiş 1 kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.

Xəbər 2540 dəfə oxundu.