Əlvida, “Tokio-2020"!
Salam, “Paris-2024"!

Avqustun 8-i Yaponiya paytaxtı Tokioda, bəlkə də, sivilizasiyamız üçün bu günə qədər keçirilmiş ən taleyüklü idman festivalı başa çatdı. İyulun 23-də bir il gecikmə ilə keçirilmiş açılış mərasimi 32-ci Yay Olimpiya Oyunlarının idman meydanlarındakı mübarizə sayğacını işə saldı.

Dünyanı bürüyən COVID-19 pandemiyası şəraitində 17 gün planetin dörd bir yanından gündoğar ölkəyə cəmlənmiş sülh elçilərinin rəqabəti, sevinci, kədəri, göz yaşları, emosiyaları ilə dolu bir ümman ümid işığı və zənnimcə, tarixin ən sülhpərvər, birlik və bərabərlik rəmzi, insan ideallarının ən gözəl təcəssümü olan bayramın şahidi olduq.

Zamanında redaktə olunmuş əzəli devizin "birlik" çağırışlı əlavəsi bu Oyunların gələcəyə ilk böyük sədası idi. Haradasa, kimsə, nədənsə şübhələnirdisə, sağlam məntiqə söykənib qiymətləndirsək, Oyunların keçirilməsi üçün bütün iradəsini ortaya qoymuş insanları yalnız alqışlamaq lazımdır.

Yeri gəlmişkən, BOK-un İcraiyyə Komitəsi pandemiyanın səngimədiyi bir dövrdə Oyunların yüksək səviyyədə təşkil edilməsinə görə Yaponiya Baş naziri Yoşihide Suqanı və Tokio qubernatoru Koike Yorikonu Qızıl Olimpiya ordeninə layiq gördü. Axı, bu iradə və əzmin əsas qəhrəmanları elə yapon səbri və əzmi oldu.

Söz yox ki, hər bir idman hadisəsi və ya festival kimi, tamaşanın dadı-duzu onun arenalara axışan izləyiciləridir. Lakin 20-ci əsrin möcüzəsi olan teleekranlar, internet və yüksək texnologiyalar erasının hər birimizin evinə gətirdiyi Oyunlar birmənalı uğurlu sayıla bilər. Çünki yarış meydanları tarix qarısında ən vacib missiyasını yerinə yetirdi. Bunu bağlanış mərasimi bir daha əyani göstərdi.

Mərasimə Yaponiya vəliəhdi Akişino BOK prezidenti Tomas Bax ilə birlikdə gələrək hər kəsi həyəcanlı anlara dəvət etdi. Yaponiya bayrağını arenaya gətirənlərin, sadəcə, kimliyinə nəzər salsaq, olimpizm ideallarının bəşəri dəyərləri bir daha əyani görünər: yerli olimpiya çempionları cüdoçu Naohişa Takato, üzgüçü Yi Ohasi, olimpiya mükafatçısı, idman gimnastı Takeru Kitazono, yeniyetmələrin olimpiya çempionu Ramu Kavai, "Tokio-2020"nin sağlamlıq üzrə məsələlərinə baş cavabdeh həkim Hiroyuki Yokota və uşaqlıqda ayağını itirsə də, əzmini, iradəsini itirməyərək məşhur model olmuş Amane.

Yaponiyanın milli marşı "Kimiqayo" səsləndi və daha bir dirək tezliklə daha bir ümidlə növbəti oyunları keçirəcək şəhərin təmsil etdiyi ölkənin bayrağına işarə verdi.

Mərkəzdə qoyulmuş kürsünü tezliklə milli bayraqlar əhatəyə aldı. Azərbaycan bayrağını bu dairəyə güləşçi Hacı Əliyev gətirdi. Parad Oyunların maraqlı anları kimi qələbə anlarının deyil, məhz hiss, həyəcan və emosiyaları özündə əks etdirən videoçarxla müşayiət olundu.

Komandaların sərbəst paradının qəhrəmanlarının gəlişi ilə meydan daha əzəmətli göründü. Çünki hər bir idmançının üzü hisslərin emosionallığı, insan ümidlərinin işığı ilə pöhrələnmişdi. Bu mənzərə bağlanış mərasiminin ən çox diqqət çəkən anı olmaqla yanaşı, 17 gün ərzində idmançıların vəhdətinin göstəricisi, ülviyyətin zəfər anıdır.

İşıqların sönməsi böyük şounun başlanğıcı idi. Ecazkar təsirli mənzərə öz-özlüyündə göz oxşadı. Atəşfəşanlıqdan törəyən şüalar zərrəciklər kimi bir an içində arenanı bürüdü. Onlar rənglərin şousu ilə dünya bayraqlarının rənglərini sanki stadiona zərli yağış damlaları kimi tökürdü. Bu rənglər birliyin rəmzi olan olimpiya halqalarını formalaşdırdı.

Mərasimin ayin ardıcıllığına uyğun olaraq, - olimpizmin Yunanıstanın dövlət himni səsləndirildi.

Daha bir həyəcanlı və ayin xarakterli mərasim - ən mühüm yarışın marafon qaliblərinin mükafatlandırılmasıdır: qadınlardan keniyalılar Peres Jepçirçir və Brigid Kosgei, ABŞ-lı Molli Zeydel, kişilərdən də yenə qalib keniyalı Eliud Kipçoge, niderlandlı Əbdi Nagiay və belçikalı Bəşir Əbdi fəxri kürsüyə qalxdılar. Keniyanın dövlət himni səsləndirildi.

Əlbəttə, Oyunların yekunlarına, qısaca, toxunmaq lazımdır. Sonuncu yarış günü 100-dən artıq idmançısı fəxri kürsüyə yüksəlmiş yeganə ölkə kimi ABŞ, zənnimcə, haqlı olaraq, medalların həm əyar, həm də say hesabı ilə birinci oldu. Maraqlı bir detalı da deyək: yalnız postsovet məkanının ölkələrinin birlikdə medallarının sayı 139 olmaqla, ABŞ-dan çox idi. 206 komandanın (Qaçqınlar və Rusiya olimpiya komandaları ilə birlikdə) sıralamasında Azərbaycan 3 gümüş, 4 bürünc, cəmi 7 medalla 67-ci oldu. Ümumən 33 növ və ya 50 proqramda 339 medal dəstindən birində - kişilərin hündürlüyə tullanma yarışında iki eyni nəticə göstərmiş atletə - qətərli Murtaz Barşim və italiyalı Canmarko Tamberiyə qızıl medal verildi.

Hər bir olimpiada kimi, bu dəfə də könüllülər olimpiadanın uğurlarında xüsusi yer tutdular. Onlara yüksək tribunadan minnətdarlıq elan edildi və mükafatlar verildi.

Mərasim ötənlərin anım dəqiqələri, ardınca videoformatda və canlı olaraq Yaponiyanın milli mədəni irsinin zəngin tamaşaları, musiqi proqramlarının vahid ecazkar dünyasının işığında davam etdi. Ənənəvi "Ainu" rəqsindən estafeti alan "Rükü Eysa"dan ta "Nisimonay Bon Odori" və "Quco Odori"yə qədər Yaponiyanın zəngin qədim festivalları, tamaşaları və gözəl təbiət mənzərələri Gündoğar ölkənin tərənnümü və yeni dəvət mesajı idi.

Səhnədə Tomas Baxın görünməsi ilə həyəcanlı dəqiqələr kulminasiya nöqtəsinə çatdı. Olimpiya himni səsləndirildi, Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını BOK prezidentinə, o isə öz növbəsində 2024-cü il Oyunlarının ev sahibi - Paris meri xanım Ann Hidalqoya təqdim etdi.

Fransanın Xloe Dufresnin rəhbərliyi ilə Fransa Milli Orkestrinin ifasında səsləndirilən dövlət himni, Parisə canlı bağlantı şəhər sakinlərinin sevinc dəqiqələri, qırıcı təyyarə uçuşu hündürlüyündən Sena sahillərinin ecazkar videoçarxı və ölkə prezidenti Emmanuel Makronun dəvət mesajı yeni dövrün ilk çağırışı idi.

Paris öz yeniliklərini indidən təqdim edir. İlk dəfə olimpiya və paralimpiya oyunları üçün vahid loqo təqdim etdi. Bununla Paris yaxın gələcəyin meyarlarını müəyyənləşdirdi.

Mərasimdə "Tokio-2020"nin təşkilat komitəsinin sədri xanım Seyko Haşimotonun çıxışı səmimi idi. O könüllülərə, təşkilat komitəsindəki həmkarlarına ağır və bəlkə də əzablı həyəcan günlərindəki işinə görə təşəkkür etdi və bəşəriyyəti bürüyən bəlaların əhatəsində belə Yaponiyanın bütün sərhədləri silməsinə görə qürurunu gizlətmədi.

Tomas Baxın "Siz daha sürətli, yüksək və güclü idiniz, çünki hamımız birlikdə idik" yeni olimpiya devizinin sözlərinə köklənən çıxışı köhnə ideallarla yeni dövrün başlanğıcına işarə idi. "Bu çətin günlərdə siz bütün dünyanı bir ümidə kökləyib birəşdirdiniz - tezliklə hər şey yaxşı olacaq" deyən BOK prezidentinin təşəkkürlərinin "Biz bunu etdik. Biz bunu birlikdə etdik" ifadəsi isə "Tokio-2020"nin tarixi əhmiyyətini müəyyən etdi və Oyunlar bağlı elan olundu.

Müğənni Sinobu Otake və "Suginame" uşaq xorunun ifasında səslənən "Hosi Meguri no Uta" ("Ulduzlara gəzinti") mahnısı və uşaqların əllərinin müşayiəti ilə mərkəzdəki olimpiya məşəli yumularaq söndü və "Ariqato" kəlməsi hər kəsi evinə yola saldı - "Sayonara, Tokio".

İndi isə 4 deyil, cəmi 3 ildən sonra yenidən alovlanan olimpiya məşəli yeni ideallar ardınca səsləyərək, bəşəriyyəti növbəti idman festivalının ağuşuna alacaq. Londondan sonra Paris öz yenilikləri ilə 3-cü dəfə yay olimpiadasına ev sahibliyi edəcək. Qadınların ilk dəfə olimpiya mübarizəsinə qoşulduğu 1900-cu ilin 2-ci olimpiya oyunlarından və ya 1924-cü ilin olimpiadasından 100 il sonra Paris yenidən "Bonjur!" deyəcək.

BATI YAR

Xəbər 474 dəfə oxundu.