London Yay Olimpiya Oyunlarında Türkiyə yığması ilk qızıl medalı qazanıb
2012-ci il London Yay Olimpiya Oyunlarında Türkiyə yığması ilk qızıl medalı qazanıb. 68 kq çəki dərəcəsində çıxış edən taekvandoçu Sərvət Təzəgül finalda iranlı Məhəmməd Bağırini 6:5 hesabı ilə yenərək, olimpiya çempionu olub.
Daha öncə o, Avropa və dünya çempionluğu əldə etmişdi. 23 yaşlı taekvondoçunun anası Gültan Təzəgül 2 ay öncə dünyasını dəyişib. Anası sağ ikən “Mənim oğlum olimpiya çempionu olacaq” deyib. Əzizini itirdikdən sonra Sərvət “Anam üçün qazanacağam” söyləyib. O, olimpiadada verdiyi sözə əməl edib.
Final görüşünün ardından duyğulu anlar yaşayan və göz yaşlarını güclə saxlayan Təzəgül bu uğuru təkbaşına əldə etmədiyini bildirib: “Öncə baş nazirimiz Rəcəb Tayyip Ərdoğana, gənclər və idman nazirimiz Suat Kılıça təşəkkür edirəm. Son 2 ildə məğlub olmasam da, biləyimdə qırıq var idi. Zədəmlə Türkiyədə hamı maraqlanırdı. Yarış günü heç bir ağrım yox idi. Son 2-3 həftədə isə heç məşq etməmişdim. Mən burada türk millətinin duaları ilə çempion oldum. Əslində çətin rəqiblərim vardı. Qızıl medalımı 2 ay öncə itirdiyim anama ərməğan edirəm. Bu medalı onun üçün qazandım”.
Öz növbəsində Ərdoğan Kılıça telefon açaraq, Təzəgülü təbrik edib. Olimpiya çempionuna qızıl medalı Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Ərdənər təqdim edib.
Qeyd edək ki, Türkiyə London olimpiadasında daha öncə 1 bürünc medal qazanıb. Həmin medala yunan-Roma güləşçisi Rza Kayaalp (120 kq) sahib olub.

Xəbər 1214 dəfə oxundu.