Avrokuboklar: Həqiqət anı
Bu həftə Azərbaycan klublarından qitə klub kuboku uğrunda mübarizədə qalanlar üçün həqiqət anıdır. "Qarabağ"ın əsas ümidimiz olacağı əvvəldən bəllidir. Çünki "Neftçi"nin nə oyunundan, nə çempion kimi strateji hədəflərindən, oyunu transferlərindən hələ də bir şey anlamaq olmur.

Azərbaycan təmsilçisinin budəfəki Kipr sınağı qalmaqalsız keçmədi. Təəssüf ki, yağı düşmənçilik xislətindən qurtula bilməyənlər üçün cılızlıq alın yazısına çevrilib. Bu dəfə "Qarabağ"ın nümayəndə heyətinə qarşı təhrikedici şərəfsizliyə hətta komandanın ən səbrli üzvləri də tab gətirə bilmədilər. Baş verən hadisələrə UEFA-nın münasibəti və komandanın bu istiqamətdə addımları çox vacib olacaq. Çünki hər kəsi yerini göstərməyincə cılızlıq aktları dayandırılmayacaq. Ümidvarıq ki, heç nə cavabsız qalmayacaq və bunun üçün lazım olan addımlar atılacaq.

Konfrans liqasından söz düşmüşkən, çox təəssüf ki, digər iki təmsilçimiz bu yarışı yenə turist səyahətinə çevirdi. Doğrudur, "Sumqayıt" mərhələ keçməyə yaxın idi. Lakin kollektivin evdə göstərdiyi oyun tərzi lap əvvəldən tam anlaşılmaz idi. Elə bu səbəbdən onun çıxışını uğursuzluqdan başqa bir şey adlandıra bilmirəm.

"Neftçi", əfsus ki, həm oyunçu çatışmazlığı, həm də strateji səhvlər üzündən "Olimpiakos" qarşısında aciz qaldı. Bəlkə komanda rəqibi çox şişirtmişdi və bu səbəbdən psixoloji səddi aşa bilmədi. Hər halda o görüşdə baş verənlərin izini HİK-lə matçda da əyani müşahidə etmək mümkün idi. "Neftçi" bu rəqibini keçmək üçün hər bir potensial imkana malikdir. Unutmayaq ki, səfər qolu anlayışının olmaması da komandaya bir sıra üstünlüklər verir. Lakin lap əvvəldən başı aşağı salıb irəli atılmamaq şərtilə, bu görüşü qələbə marşına çevirmək olar. Mərhələni keçərsə, "ağ-qaralar", "Fənərbağça" ilə duelin nəticəsindən asılı olmayaraq, qrupda - bu dəfə Konfrans liqasında yer alacaq.

BATI YAR

Xəbər 366 dəfə oxundu.