Asif Şirəliyev: Burada səhv olmamalıdır
XXXII Yay Olimpiya Oyunları başa çatdı. Ölkəmizin Tokioda qazancı 7 medal oldu. Oyunlarda ölkəmizi 44 idmançı ilə yanaşı, bəzi növlərdə hakimlər də təmsil edirdi. Onlardan biri də güləş yarışlarının ədalət təmsilçiləri arasında yer alan Asif Şirəliyevdir. Həmyerlimizlə söhbətimiz də əsasən Tokio Olimpiadası mövzusunda oldu.

- Asif müəllim, Olimpiadada debütünüz necə oldu?

- Bildiyiniz kimi, mən ilk dəfə idi ki, Olimpiya Oyunlarında ölkəmizi təmsil edirdim. Hər görüşü idarə etmək məsuliyyət və diqqət tələb edir. Hər bir görüş qızıl medalın taleyini həll edir. Bildiyiniz kimi, elə çox görüşlər yox idi. Hər idman növündə 6 çəki dərəcəsi idi. Hakimlərin də sayı çox idi. Demək olar ki, günə 2, maksimum 3 görüş düşürdü. Bəzən yan hakim olurdum, bəzən də orta hakim. 74 kq sərbəst güləşdə Rusiya OK və Belarusiyanın final görüşündə yan hakim məni təyin etdilər. Əvvəlki görüşlərdə, bürünc görüşlərində yenə yan hakim olurdum. Finala, yarımfinala qədər orta hakimi olurduq. Onun özü də böyük əhəmiyyət kəsb edir. Təbii ki, finala gedən yol elə ordan başlayır.

- Olimpiya oyunları tarixə qovuşdu.

- Dünyada baş verən pandemiyaya baxmayaraq, təşkilatçılıq yüksək səviyyədə idi. Nizam-intizama xüsusi diqqət yetirilirdi. Hər gün demək olar ki, yoxlanışdan keçirdik, test verirdik. Pandemiyaya görə xüsusi mübarizə aparılırdı. Sevindirici haldır ki, güləş ailəsində yoluxma qeydə alınmadı.

- Hakimlikdə problemlər yaşandımı?

Olimpiya Oyunları elə bir yerdi ki, burda ən güclülər, peşəkarlar iştirak edir. Burada səhv olmamalıdır. İndi müasir dövrdür, texnika inkişaf edib. Bir çox rakurslardan videokameralarla çəkirlər. Məşqçinin və idmançının hüququ var ki, razılaşmadığı vəziyyəti, orda challeng deyilən vəziyyət var, etiraz düyməsini bassın və monitora verilsin. Monitora veriləndə də zalda hər kəsin gözünün qarşısında bir neçə rakurslarda həmin vəziyyəti təkrar göstərirlər. Ona görə də kiçik nöqsanları çıxmaq şərtilə, ciddi problemlər olmadı.

- Narazılıq yaradan qərarınız olmadı?

- Burda qızıla bərəbər görüşlərdi. Ona görə də hakimlər qərəzsiz, vicdanlı qərarlar verməlidir. Məndə belə bir problem olmadı. Bir görüşümdə etiraz oldu, onda da mən haqlı çıxdım. Çalışdım ki, Azərbaycanı layiqincə təmsil edim. Bu mənim üçün öz adıma, ölkəm adına qürur idi.

- Qarşıda hansı sınağınız var?

- Bildiyiniz kimi, oktyabr ayında böyüklər arasında Norveçin paytaxtı Osloda Dünya çempionatı baş tutacaq. Ora da seçim olmalıdır. İndi artıq əvvəlki illərə nisbətən hər hakim dünya çempionatında iştirak edə bilmir. Ora da artıq seçimlə təyin olunur. Əvvəl belə deyildi. Əgər sənin kateqoriyan super kateqoriyadırsa, gedib iştirak edə bilərdin. İndi artıq onların içərisindən seçirlər. Ümid edirəm ki, dünya çempionatında mən də azərbaycanlı kimi ədalət təmsilçisi seçilərəm.

- Güləş yarışları başa çatdıqdan sonra, hakim həmkarlarınızdan biri sizin şəklinizi çəkərkən əlinizdə yazılı kağız diqqətimi cəlb etdi.

- Hər kəsin həyatda bir dəstək verəni var. Mənim də uğurlarımın memarı anamdı. Mən hər zaman bu zirvəyə ucaldıqda anamın dəstəyini hiss etmişəm. Ona görə də uzaq diyardan Həbibə anama belə bir foto çəkib göndərməyi qərara aldım.

Onu da qeyd edim ki, mən Şamaxıda yaşayıram və İcra Hakimiyyətində çalışıram. Fürsətdən istifadə edib, hakimlik karyeramı davam etdirməyimə şərait yaratdığı üçün RİH başçısı Tahir Məmmədova təşəkkür edirəm.

Söhbətləşdi: Qabil Mehdiyev
Tokio, Yaponiya

Xəbər 684 dəfə oxundu.